Dövlət Agentliyi: “Xarici turistlərin sayında azalma var”

  11 Mart 2020    Oxunub : 2246
 Dövlət Agentliyi: “Xarici turistlərin sayında azalma var”
Fevral ayının sonunda ötən illə müqayisədə Azərbaycana gələn turistlərin sayında 17 faizə yaxın artım müşahidə olunub.

Azvision.az xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov deyib. Onun sözlərinə görə, artıq mart ayının rəqəmlərində xarici turistlərin sayında ciddi şəkildə azalma müşahidə edilir.
"İnsanlar ölkə xaricinə səfər edərkən bir neçə dəfə düşünürlər və risk etmirlər. Bu, gözlənilən idi. Xarici turistlərin sayında azalma var. Böhranlar yeni imkanlar üçün şərait yaradır. Mümkün variantlardan maksimum istifadə etməyi düşünürük".

K.Qasımov qeyd edib ki, belə vəziyyətdə daxili turizm üçün potensialdan istifadə oluna bilər: "Söhbət gəlmə turistdən deyil, ölkə daxilində səfərdən gedir. Azərbaycanda turist üçün lazım olan hər şey cəmləşib. Ölkə xaricinə çıxa bilməyən insanlar hesab edirəm ki, təəssüflənməyəcəklər. Onlar ölkə daxilinə səfərlərini edə bilərlər. Biz bütün mehmanxanalarla, turizm iaşə obyektləri ilə daim görüşlər keçiririk. Sizi əmin edə bilərəm ki, onlar turistləri qəbul etmək üçün hazırdırlar. Hər hansı risk müəyyən edilməyib".

Aparat rəhbərinin sözlərinə görə, indiki mərhələdə qiymət artımından söhbət gedə bilməz. "Dövlət Turizm Agentliyi olaraq turizm şirkətlərinə və otellərin qiymət siyasətinə müdaxilə edə bilmərik. Lakin tövsiyyələrimiz ondan ibarətdir ki, prosesi stimullaşdırmaq üçün yerli turistlərə müəyyən güzəştlər edilsin".

Aytən Zəhra
Azvision.az

Teqlər: Turizm   Agentlik