Yankauskas: Azərbaycanla Aİ arasında yeni saziş üzrə az iş qalıb

  Yankauskas:  Azərbaycanla Aİ arasında yeni saziş üzrə az iş qalıb
  11 Mart 2020    Oxunub:4508
"Azərbaycanla Avropa İttifaqı arasında yeni saziş üzrə çox az iş qalıb. Bu işləri mümkün qədər tez qurtarmaq üçün lazım olan hər şeyi etməliyik".
Bunu Azvision.az -a açıqlamasında Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas deyib.

O, Azərbaycanla Avropa İttifaqı arasında daimi təmasların davam etdirildiyini vurğulayıb.

Koronavirusun bütün dünyada yayılmasının Azərbaycanla Aİ arasında əməkdaşlığa hər hansı təsir göstərməsinə gəlincə, Yankauskas deyib ki, bu, təkcə Azərbaycan ilə Avropa İttifaqı arasında olan bir məsələ deyil:

“Bu virus qlobal bir məsələdir. Biz hər birimiz onun təsirinə məruz qala bilərik. Biz bu virusun yayılmasının qarşısını almaq və ona qalib gəlmək üçün birgə səylər göstərməliyik. Hesab edirəm ki, bu böhrana baxmayaraq, ən yaxşı yol hər işi birgə görməkdir, yəni məlumat və təcrübə mübadiləsi, danışıqlar davam etdirilməlidir”.

Səfir qeyd edib ki, hazırda Aİ ilə Azərbaycan arasında hər hansı bir səfərin ləğv edilməsi məsələsi yoxdur:

“Hazırda bizim planlaşdırılmış heç bir səfərimiz yoxdur. Apreldə görüşlərin keçirilməsi nəzərdə tutulur. İndidən hər hansı bir səfərin ləğv olunacağı barədə bir söz demək çətindir. Çünki vəziyyət hər gün dəyişir. Səfərlər olan zaman həm Avropada, həm də Azərbaycanda vəziyyəti qiymətləndirəcəyik, məsələhətləşmələr aparacağıq. Gələn həftə nə baş verəcəyini indidən demək çətindir. Lakin mən hər şeyin yaxşı olacağına inanıram”.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Yankauskas    





Xəbər lenti