Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edənlər saxlanıldı

  12 Mart 2020    Oxunub : 1564
Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edənlər saxlanıldı
Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən dəstə üzvlərinə qarşı əməliyyat həyata keçirilib.
DİN-in Mətbuat Xidmətindən Azvision.az -a bildirilib ki, Baş İdarəyə naməlum şəxslərin Sumqayıt şəhər sakini Nemət Rəhimovdan hədə-qorxu ilə 13 400 manat və Biləsuvar rayon sakini Niyaməddin Abbasovdan isə eyni üsulla 15 000 manat pul tələb etməsi barədə əməliyyat məlumatı daxil olub.

Həyata keçirilən tədbir nəticəsində qeyd edilən məbləğdə pul vəsaitlərini alan dəstə üzvləri əvvəllər məhkum olunmuşlar, Ağstafa rayon sakini Cavid Həsənov və Biləsuvar rayon sakini Vasif Bağışov tutulublar. Onlar istintaqa verdikləri ifadələrində etdikləri cinayəti etiraf ediblər.

Baş İdarə əməkdaşları tərəfindən keçirilən daha bir tədbir zamanı Bakı şəhər sakini olan bir qadına hədə-qorxu gələrək ondan pul tələb edən Sumqayıt şəhər sakini Teymur Sadiqi-Raşidi saxlanılıb. O, şantaj etdiyi qadından 1 000 manat alan zaman Baş İdarənmin əməkdaşları tərəfindən tutulub.

Saxlanılan şəxslərin hər biri barəsində Baş İdarənin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Onların ətraflarının və cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Azvision.az

Teqlər: DİN   Cinayət