Azərbaycanda ilk dəfə icra olunan əməliyyat

  13 Mart 2020    Oxunub : 905
Azərbaycanda ilk dəfə icra olunan əməliyyat
Kavopulmonar anastomoz əməliyyatı, əsasən, təkmədəcikli təmir planlanan xəstələrdə ilk mərhələdə icra olunan bir əməliyyatdır.
Səhiyyə Nazirliyinin Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, belə bir əməliyyat bu günlərdə Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının Ürək-damar cərrahiyyəsi şöbəsində olub. Klinikaya qəbul edilən 2008-ci il təvəllüdlü Zəhra Qənbərlinin intrakardiak morfolojisi biventrikulyar təmirə uyğun olsa da, ilk əməliyyatda onun üzərində uşaq ürək cərrahı Ramal Həsənovun rəhbərliyi ilə Glenn proseduru icra edilib.

Xəstədə cüzi hərəkət zamanı təngənəfəslik və yorğunluq müşahidə olunub. Getdikcə göyərmə halı artıb, bunun nədən baş verməsi mütəxəssislərin marağına səbəb olub.

İkiyönlü Glenn əməliyyatı olunmuş 12 yaşlı xəstə exokardioqrafiya müayinəsi olunan zaman ona d TGA, VSD, PS diaqnozu qoyulub və bu zaman xəstənin ikimədəcikli təmir şansının olduğu qənaətinə gəlinib.

Cərrah R.Həsənovun bildirdiyinə görə, xəstədə Glenn “takedown” (GTD) + Rastelli əməliyyatı icra olunub. Onda Superior Vena Cava Warden proseduruna uyğun olaraq sağ atriuma təkrar anastomoz edilərək Sinus ritmi qorunub.

Qeyd edək ki, əməliyyat 14 saat çəkib, əməliyyat sonrası xəstənin döş sümüyü açıq buraxılaraq reanimasiyaya götürülüb. Əməliyyatın 4-cü günü xəstənin sternumu qapadılaraq ekstubasiya olunub. 20 gündən sonra isə xəstə normal klinik və hemodinamik göstəricilərlə evə yazılıb. Hazırda xəstə özünü normal hiss edir və həkim nəzarətindədir.

Azvision.az

Teqlər: Səhiyyə