Dezinformasiyanın qarşısını necə almaq olar?

Dezinformasiyanın qarşısını necə almaq olar?
  14 Mart 2020    Oxunub:2763
Son günlər sosial şəbəkələrdə və “watsapp” messencerində naməlum şəxslər tərəfindən koronavirusla bağlı insanlar arasında təşviş və çaşqınlıq yarada biləcək məlumatlar yayılmaqdadır. Hazırki həssas məqamda saxta xəbərlərin və səs yazılarının kimlər tərəfindən yayılması bəlli deyil. Rəsmi qurumlar tərəfindən bununla bağlı ciddi xəbərdarlıq edilib, araşdırmalar aparılır.
Saxta informasiyaların kimlər tərəfindən dövriyyəyə buraxılması barədə Azvision.az -a açıqlama verən Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib ki, insanlar sosial mediadan müxtəlif məqsədlər üçün istifadə edir. Onların arasında feyk məlumatlar yayanlar da az deyil.

“Bəzi şəxslər insanlar arasında təşviş yaratmaq üçün məqsədyönlü şəkildə sosial şəbəkələrdən faydalanır. İstifadəçilər bilməlidirlər ki, hər şeyin izi qalır. Lazım olanda əməliyyat-axtarış tədbirləri apararaq tapmaq olar ki, məlumat haradan və kim tərəfindən yayılıb. Bildiyimiz kimi, kütləvi informasiya vasitələrində təhqir, böhtan, yalan, təşviş yaradan xəbərləri yayanların cinayət məsuliyyəti daşıması barədə qanun mövcuddur”.



O.Gündüz hesab edir ki, internet media, xəbər resursları, elektron media, televiziyalar bu cür şayiə yayanların cinayət məsuliyyəti daşıdığını ictimaiyyətə çatdırmalıdır.

“Əgər bunu uşaqlar zarafatla edirlərsə, valideynlər fərqində olmalıdır ki, sabah cinayət məsuliyyəti yaradacaq və cavab verməli olacaqlar. Kimsə ağlına gətirməsin ki, onun etdiyi əməlin izi qalmır. Sosial media açıq şəbəkədir. Reallıqda olduğu kimi burada kimisə tapmaq asan deyil. Gərək ölkənin hüquq-mühafizə orqanları ciddi monitorinqlər aparsınlar. Sosial media resurslarının sahibləri ilə əməkdaşlıq etsinlər. Bu, gizli məsələ deyil. Cəmiyyətin təhlükəsizliyi üçün faydalı addımdır. Qlobal resurslarda ikili standartlar var. Onlar böyük dövlətlərlə əməkdaşlığa daha çox üstünlük verir və onların dediklərini daha tez yerinə yetirirlər, nəinki kiçik ölkələr üçün. İstənilən halda vəziyyətdən effektiv çıxmaq naminə qlobal resurslarla əməkdaşlıq etməliyik”.

Sonda Osman Gündüz sosial şəbəkə istifadəçilərinə müraciət edərək həssas məqamda insanları təşvişə salacaq saxta informasiyalar yaymamağa çağırıb və buna görə qanun qarşısında məsuliyyət daşıyacaqlarını bildirib.

Aytən Zəhra
Azvision.az


Teqlər: Sosial   Şəbəkə   Ekspert  





Xəbər lenti