Bahar Muradova kollektivə təqdim olundu

   Bahar Muradova kollektivə təqdim olundu
  13 Mart 2020    Oxunub:1808
Bu gün Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yeni sədri Bahar Muradovanın kollektivə təqdimetmə mərasimi keçirilib.
Komitədən Azvision.az -a verilən məlumata görə, B.Muradovanı Dövlət Komitəsinin işçilərinə Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva təqdim edərək, keçdiyi həyat yolu və iş təcrübəsi barədə məlumat verərək bildirib ki, Bahar Muradovanın həyatının böyük bir hissəsi dövlət siyasətinin həyata keçirilməsində iştirak edərək mühüm töhfələrini verməsi ilə bağlı olub.

F.Əliyeva Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bu gün ölkəmizdə qadın və uşaq hüquqlarının müdafiəsinə, gender bərabərliyinin təmin edilməsinə xüsusi diqqət yetirildiyini vurğulayaraq, ailə və gender məsələləri ilə bağlı kifayət qədər qanunların qəbul edildiyini və bu prosesdə həm Komitənin, həm də Milli Məclisin çox böyük rolu olduğunu qeyd edib.

Daha sonra Dövlət Komitəsinin sədri Bahar Muradova çıxış edərək, cənab Prezidentə göstərilən etimada görə öz təşəkkürünü bildirib. B.Muradova çıxışında gender bərabərliyi, ailə məsələləri, qadın və uşaq hüquqlarının müdafiəsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qarşıya qoyulan vəzifələri qeyd edərək, cəmiyyəti və dövləti narahat edən uşaq nikahları, selektiv abortlar, məişət zorakılığı və məcburi nikah halları, uşaqların zərərli informasiyalardan qorunması kimi məsələlərə toxunub. Cəmiyyətdə bu proseslərin qarşısının alınması istiqamətində səylərin daha da gücləndirilməsini, konkret proqram və layihələrin işlənilməsinin vacibliyini vurğulayıb.

Eyni zamanda, Komitənin bundan sonrakı fəaliyyətində beynəlxalq təşkilatlarla, parlamentlərarası qruplarla, dövlət və QHT-lərlə, vətəndaşlarla, ailələrlə iş, uşaq və qadın hüquqlarının müdafiəsi sahəsində koordinasiyanı gücləndirərək könüllü şəbəkəsinin yaradılmasının vacibliyi bildirib.

Azvision.az


Teqlər: Komitə   Sədr  





Xəbər lenti