Azərbaycanda daha 4 nəfərdə koronavirus aşkarlanıb

  15 Mart 2020    Oxunub : 6440
 Azərbaycanda daha 4 nəfərdə koronavirus aşkarlanıb
Koronavirus infeksiyası bütün dünyada sürətlə yayılmaqda davam edir. Hazırda bir çox ölkələrdə intensiv qabaqlayıcı tədbirlər həyata keçirilməsinə baxmayaraq, infeksiyanın yayılmasının qarşısını almaq mümkün olmayıb.
Nazirlər Kabineti yanında operativ qərargahdan Azvision.az -a verilən məlumata görə, Azərbaycanda yeni koronavirus infeksiyasına daha 4 yoluxma faktı qeydə alınıb.

Hazırda xüsusi rejimli xəstəxanalara yerləşdirilən və müşahidə altında olan pasiyentlər özlərini normal hiss edirlər, səhhətləri sabitdir.

Xüsusi rejimli xəstəxanalara yerləşdirilmiş digər pasiyentlərin səhhəti ciddi nəzarət altında saxlanılır, onların müalicəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.

Koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu və virusun geniş yayılma tendensiyasının davam etdiyini nəzərə alaraq, bir daha vətəndaşlarımızı diqqətli olmağa, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə riayət etməyə, əhalinin sağlamlığının etibarlı qorunması və təhlükəsizliyinin təmin edilməsi məqsədilə Nazirlər Kabineti yanında operativ qərargahın qəbul etdiyi qərarları və müəyyənləşdirdiyi qaydaları tam yerinə yetirməyə çağırırıq.

Azvision.az

Teqlər: Qərargah