Deputat Milli Məclisdə veteranların problemini qaldırıb

  16 Mart 2020    Oxunub : 1022
Deputat Milli Məclisdə veteranların problemini qaldırıb
“Gədəbəydə təxminən 300 nəfər, Tovuz zonasında isə 400 nəfərə yaxın müharibə veteranı statusu almayan şəxs var. Bu şəxslər müharibədə iştirak ediblər, lakin müəyyən səbəblərə görə, onlara hər hansı status verilməyib”.
Azvision.az xəbər verir ki, bunu deputat Arzu Nağıyev parlamentin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deyib.

Deputat bildirib ki, həm Tovuzda, həm də Gədəbəydə Ermənistan silahlı qüvvələri tərəfindən atəş altında saxlanılan torpaq sahələri var: “Bu baxımdan insanlar orada kənd təsərrüfatı fəaliyyəti ilə məşğul ola bilmirlər. Bu da həmin əhali üçün böyük problemə çevrilir. Bununla bağlı ATƏT-in Minsk qrupuna müraciət etmək lazımdır ki, atəşkəs rejiminə əməl edilsin. Həmçinin təklif edərdim ki, Ermənistanla həmsərhəd olan həmin ərazilərdə iqtisadi zonaların yaradılması məsələsinə də baxılsın”.

Televiziya və saytlarda özünü reklam edən həkimlərlə bağlı məsələyə toxunan deputat hər əməliyyata qiymət qoyan bəzi həkimlərin peyda olduğunu dilə gətirib: “Lakin sonradan aydın olur ki, həmin əməliyyatı digər həkimlər daha ucuz qiymətə həyata keçirirlər. Hesab edirəm ki, bu məsələyə də aydınlıq gətirilməlidir”.

Anar Kəlbiyev
Azvision.az

Teqlər: Deputat   Veteran   Arzu-Nağıyev