Bəzi vətəndaşlar sosial yardımdan məhrum ediləcək

Bəzi vətəndaşlar sosial yardımdan məhrum ediləcək
  16 Mart 2020    Oxunub:3111
"Mən göstəriş vermişdim ki, bu il ən azı 10 min insan bu proqramla əhatə olunsun. Proqramla əhatə olunma istiqamətində, əlbəttə ki, nazirlik tərəfindən meyarlar işlənilib, təmin edilib, vətəndaşlar treninqlərdən keçiblər".
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevi qəbul edərkən deyib.

"Ancaq əsas məsələ ondadır ki, vətəndaşları bu işə cəlb edəndən sonra özünüməşğulluqla bağlı monitorinq keçirilsin. Çünki dünya praktikasında özünüməşğulluq proqramı ilə əhatə olunan cəmi vətəndaşların təqribən 50 faizi bu imkandan səmərəli şəkildə istifadə edə bilir. Məsələn, elə hallar var ki, rayon və kənd yerlərində mal-qara ilə təmin olunan vətəndaşların bəziləri o mal-qaranı aparıb bazarda satır və beləliklə məsuliyyətsizlik göstərirlər.

Halbuki bu işdə əsas məqsəd ondan ibarətdir ki, vətəndaşlar verilən vasitələrlə öz dolanışıqlarını sonra özləri təmin etsinlər. Əgər vətəndaşlar dövlət tərəfindən verilən vəsaitə belə yanaşacaqlarsa, bu, dözülməzdir. Bu vətəndaşlara ikinci dəfə heç bir dəstək göstərilməməlidir, o cümlədən onlar ünvanlı sosial yardımdan da məhrum edilməlidir.

Ona görə ki, dövlət öz xoş niyyətini göstərir. Ancaq vətəndaşlar da buna məsuliyyətlə yanaşmalıdırlar. Özünüməşğulluq proqramı ilə əhatə olunmaq istəyənlərin sayı kifayət qədər çoxdur və kriteriyalar əsasında onların arasında seçim edilir. Əgər bu proqrama düşən vətəndaşlar özlərini belə aparacaqlarsa, əlbəttə ki, çox ciddi tədbirlər görülməlidir", - deyə dövlət başçısı bildirib.

Azvision.az



Teqlər: Sosial-yardım   Prezident  





Xəbər lenti