Xətai rayonunda əl qumbarası tapılıb

Xətai rayonunda əl qumbarası tapılıb
  18 Mart 2020    Oxunub:2620
Martın 17-də saat 17:44-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və saat 17:59-da Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Bakı şəhərinin Xətai rayonunun M.Hadi küçəsi 15 ünvanında yerləşən 17 saylı tam orta məktəbin yaxınlığında 1 ədəd əl qumbarasının tapılması barədə məlumatlar daxil olub.
ANAMA-dan Azvision.az -a bildirilib ki, agentliyin xüsusi mobil çevik əməliyyat və partladıcı axtaran xüsusi təlim keçmiş itlərdən ibarət kinoloji qrupları, Daxili İşlər Nazirliyinin Bakı Şəhər Baş Polis İdarəsinin Xətai Rayon Polis İdarəsinin və FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları tərəfindən birlikdə qeyd olunmuş əraziyə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd F-1 əl qumbarası və 1 ədəd UZRQM partladıcısı aşkar olunub. Hərbi sursatlar zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Əl qumbarasının və partladıcının tapıldığı yerin ətrafında 300 kvadratmetr əraziyə yerüstü, 100 kvadratmetr əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Azvision.az


Teqlər: ANAMA  





Xəbər lenti