“Məqsədimiz insanlar üçün rahat şərait yaratmaqdır” - Prezident

  “Məqsədimiz insanlar üçün rahat şərait yaratmaqdır” -    Prezident
  18 Mart 2020    Oxunub:2478
Abşeron dairəvi dəmir yolunun istismara verilməsi şəhər nəqliyyatına da müsbət təsir göstərəcək.

Azvision.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev martın 18-də Abşeron dairəvi dəmir yolunun Pirşağı-Görədil-Novxanı-Sumqayıt hissəsinin yenidənqurmadan sonra açılışı zamanı dəmiryolçularla görüşdə deyib.
“Bakı şəhərinin ən önəmli nəqliyyat layihələrindən biri olan dairəvi dəmir yolu xətti Novruz bayramı ərəfəsində istismara hazırdır. Bu, həm Bakı sakinlərinə, eyni zamanda, Sumqayıt şəhərinin, Abşeron rayonunun sakinlərinə xidmət göstərəcək. Ümumiyyətlə, bu imkandan milyonlarla insan istifadə edəcək. Beləliklə, şəhərimizin və Abşeron yarımadasının ən önəmli nəqliyyat layihələrindən biri olan dairəvi xətt tamamlanıb. Bu xəttin bir tərəfə uzunluğu 91 kilometrdir, amma bütövlükdə 200 kilometrə yaxın dəmir yolu çəkilişi təmin edilib. Bu, bir daha onu göstərir ki, Azərbaycan dövləti belə böyük layihələri həyata keçirməklə öz sosial siyasətini davam etdirir. Çünki bu dairəvi yolun tikintisinə qoyulan xərclər bəlkə də 100 ildən sonra ancaq büdcəyə qayıda bilər. Çünki bizdə dəmir yolu tarifləri çox aşağıdır. Bizim əsas məqsədimiz insanlar üçün gözəl imkanlar, rahat şərait yaratmaqdır”, - deyə dövlətimizin başçısı bildirib.

Azərbaycan Prezidenti qeyd edib: “Bu dəmir yolunun tikintisi, eyni zamanda, şəhər nəqliyyatına da müsbət təsir göstərəcək, tıxaclar, avtomobil yollarına düşən yük azalacaq, Bakı və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun ekoloji vəziyyəti yaxşılaşacaq. Çünki havanı çirkləndirən ən böyük amil nəqliyyat vasitələridir. Avtobuslara tələbat azalacaq, indi müəyyən marşrutlarda fəaliyyət göstərən avtobuslar digər marşrutlara köçürüləcək”.

Azvision.az


Teqlər: Prezident   İlham-Əliyev  





Xəbər lenti