“Neftin ucuzlaşması büdcədə çətinlik yaratmayacaq” - Deputat şərh edir

 “Neftin ucuzlaşması büdcədə çətinlik yaratmayacaq” -  Deputat şərh edir
  19 Mart 2020    Oxunub:5834
"Neftin qiymətinin ucuzlaşması ümumi ixracatımıza təsir göstərir. Xüsusilə xam neft ixracatından əldə edilən valyutanın həcmi azalır"

Bunu Azvision.az-a açıqlamasında Milli Məclisin deputatı, iqtisadçı ekspert Vüqar Bayramov deyib. Onun sözlərinə görə, Azərbaycan ixracatının 81 faizini xam neft təşkil edir:
“Bizim ixracımızın 7 faizi xüsusi enerji məhsullarıdır. O baxımdan ümumi ixracatın 88 faizi enerji məhsullarından ibarətdir. Neftin dünya bazarında qiymətinin dəyişməsi bizim üçün məqbul deyil. Fisqal baxımından bizim üçün məqbul qiymət neftin hər barelinin 50-60 dollar civarında dəyişməsidir”.

V.Bayramovun sözlərinə görə, 2020-ci ilin dövlət büdcəsinin strukturu göstərir ki, neftin dünya bazar qiymətinin mövcud vəziyyəti bu ilin büdcəsində sosial proqramların maliyyələşməsində hər hansı çətinlik yaratmayacaq.

“Çünki 2020-ci ilin büdcəsinin gəlirləri 24 milyard manatdan çoxdur. Onun 44 faizi qeyri-neft sektoru, 56 faizi neft sektorunun payına düşür. Qeyri-neft sektorunda iki ayın nəticələrinə görə, vergi orqanları tərəfindən proqnozdan 180 milyon manat artıq vəsait büdcəyə yığılıb. Praktiki olaraq qeyri-neft sektorundan vəsaitlərin yüksək səviyyədə yerinə yetirilməsi ilə bağlı iki ayın yekununda problem olmayıb. Təbii ki, sosial təcrid tədbirlərinin həyata keçirilməsinin biznesə təsirləri var.

Neft sektorundan daxil olmaların 84 faizi Dövlət Neft Fondundan transferlərdir. Dövlət Neft Fondu 2020-ci ildə büdcəyə 11 milyard 589 milyon manat vəsait transfer etməlidir. Bu, 6,8 milyard dollardır və büdcə gəlirlərinin 48 faizi deməkdir. Dövlət Neft Fondunun transferlərində hər hansı problem yoxdur, çünki öhdəlik 6,8 milyard dollardır. Qiymət aşağı olsa belə Fond gəlir əldə edəcək. Bundan əlavə, Dövlət Neft Fondunun aktivləri 43 milyard dollar təşkil edir. Nəticə etibarı ilə bu gün Dövlət Neft Fondunun bütövlükdə aktivləri onun 2020-ci il büdcə qarşısında öhdəliyindən 6,3 dəfə çoxdur. Bu baxımdan Fonddan büdcəyə transferlərdə problem olmayacaq”.

Deputat əlavə edib ki, qeyri-neft sektoru və Dövlət Neft Fondunun transferləri büdcə gəlirlərinin 92 faizini təşkil edəcək.

“Qalan 8 faiz neft sektorundan birbaşa daxil olmalardır. Həmin daxil olmalarda Dövlət Neft Şirkətinin öhdəlikləri var. Dövlət Neft Şirkətinin öhdəlikləri enerji məhsullarının satılması hesabına əldə edilən gəlirlərdən gözlənilir. Daxildə enerji məhsullarının qiymətlərində dəyişiklər olmadığı üçün Dövlət Neft Şirkəti öhdəliklərini yerinə yetirməkdə ciddi çətinliklə üzləşməyəcək. O baxımdan büdcənin strukturu və strukturun təhlili göstərir ki, 2020-ci ildə hətta mövcud aşağı qiymətlər fonunda dövlət büdcəsini ilə bağlı fiskal problem olmayacaq. Azərbaycan neftin qiymətinin məqbul səviyyədə olmasında maraqlıdır ki, həm də Dövlət Neft Fondunun aktivlərindəki artım tepmini davam etdirə bilsinlər. Amma nəzərə almaq lazımdır ki, neftin qiyməti dünya bazarında müəyyənləşir. Bu, hər hansı ölkənin təsir edəcəyi qərar deyil. Amma mövcud fiskal siyasəti nəzərə alsaq, hətta aşağı qiymətlər fonunda Azərbaycan 2020-ci ildə nəzərdə tutulan sosial proqramların maliyyələşməsində hər hansı çətinliklə üzləşməyəcək”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Neft   Büdcə  





Xəbər lenti