Bu gündən Bakı, Sumqayıt və Abşerona giriş məhdudlaşdırıldı

 Bu gündən Bakı, Sumqayıt və Abşerona giriş məhdudlaşdırıldı
  19 Mart 2020    Oxunub:3098
Martın 19-da saat 00.00-dan etibarən xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla respublikanın şəhər və rayonlarında qeydiyyatda olan nəqliyyat vasitələrinin və onların sərnişinlərinin Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna buraxılması martın 29-dək məhdudlaşdırılıb.
Azvision.az xəbər verir ki, Nazirlər Kabineti yanında operativ qərargahın qərarına əsasən, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda qeydiyyatda olan sərnişindaşıma nəqliyyat vasitələrinin (avtobus, mikroavtobus, taksi və s.) ölkənin başqa şəhər və rayonlarından Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna sərnişin daşımaları qadağan olunub.

Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda qeydiyyatda olan nəqliyyat vasitələrinin və onların sərnişinlərinin Bakı şəhərinə sərbəst giriş-çıxışına icazə verilir.

Qərargah Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda qeydiyyatda olan avtomobilləri və sərnişindaşıma nəqliyyat vasitələrini qeydiyyatda olduqları yaşayış məntəqələrindən kənara səfər etməkdən və sərnişin daşımaqdan çəkinməyə çağırıb.

Sumqayıt və Abşeron istisna olmaqla ölkənin bütün şəhər və rayonlarından qatar vasitəsi ilə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonuna sərnişin daşınması dayandırılıb.

Ölkə ərazisindəki hava limanlarından Bakıya sərnişin daşınmasına fasilə verilib.

Ticarət əlaqələrinin saxlanması, ərzaq və başqa gündəlik tələbat mallarına ehtiyacı təmin etmək məqsədilə bütün nəqliyyat vasitələri ilə yükdaşımaları sərbəstdir.

Xüsusi buraxılış rejimi qaydalarını pozan şəxslər haqqında hüquqi məsuliyyət tədbirləri tətbiq olunacaq.

Azvision.az


Teqlər: Bakı   Sumqayıt   Abşeron  





Xəbər lenti