ETSN : Havanın çirklənməsi azalıb

  19 Mart 2020    Oxunub : 944
 ETSN : Havanın çirklənməsi azalıb
Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin mütəxəssisləri tərəfindən atmosfer havasının keyfiyyətinə nəzarət məqsədilə növbəti monitorinq 18-19 mart 2020-ci il tarixlərində keçirilib.
Azvision.az xəbər verir ki, bunu jurnalistlərə nazirliyin şöbə müdiri Rasim Səttar-zadə bildirib. Onun sözlərinə görə, BakıAbşeron yarımadasında keçirilən monitorinqlər havanın çirklənməsinin ötən günlərlə müqayisədə yetərincə azaldığını göstərib. Belə ki, havada azot, karbon və kükürd oksidlərinin, eləcə də toz hissəcikləri və karbohidrogenlərin miqdarı xeyli aşağı düşüb.

O qeyd edib ki, əvvəlki göstəricilərlə müqayisədə son iki günün göstəriciləri çirkləndiricilərin 40-50 faiz azaldığını deməyə əsas verir.

“Havanın təmiz olmasına səbəb son günlər paytaxtda nəqliyyat vasitələrinin hərəkətinin azalması və ictimai-iaşə obyektlərinin fəaliyyətlərinin məhdudlaşdırılmasıdır”.

Nazirliyin şöbə müdiri qeyd edib ki, son üç gündə ölkə ərazisində şimal, şimal-qərb küləyinin əsməsi və əlverişli nisbi rütubət də çirkləndirici qaz qarışıqlarının intensiv səpələnməsinə şərait yaradıb və havanın keyfiyyətinə müsbət təsir edib. O bildirib ki, bu gün səhər saatlarında havada oksigenin miqdarı da nəzərəçarpacaq dərəcədə artıb.

Azvision.az

Teqlər: ETSN   Hava   Çirklənmə