Baş Nazirdən səhiyyə xidməti ilə bağlı qərar

  19 Mart 2020    Oxunub : 865
Baş Nazirdən səhiyyə xidməti ilə bağlı qərar
Nazirlər Kabineti “Sığortaolunanların ilkin səhiyyə xidməti üzrə dövlət tibb müəssisəsinə təhkimolunma Qaydası”nı təsdiq edib.
Azvision.az -ın məlumatına görə bu qayda icbari tibbi sığorta çərçivəsində sığortaolunanların ilkin səhiyyə xidməti üzrə tibbi xidmət göstərən dövlət tibb müəssisəsinə təhkimolunma qaydasını müəyyən edir.

Sığortaolunan - sağlamlığı icbari qaydada sığortalanmış fiziki şəxs, ailə həkimi cinsindən və yaşından asılı olmayaraq təhkim olunmuş şəxslərə ilkin səhiyyə xidmətləri göstərən ailə təbabəti ixtisası üzrə rezidentura təhsili almış və ya xüsusi hazırlıq proqramı üzrə müvafiq təlimlər keçmiş həkimdir.Tibb müəssisəsinə təhkimolunma və ailə həkiminin (sahə həkimi-terapevtin, sahə həkimi-pediatrın) seçimi sığortaolunanın yaşadığı ərazi üzrə fəaliyyət göstərən tibb müəssisəsinə kağız üzərində və ya elektron formada təqdim etdiyi ərizəsi əsasında aparılır. 18 yaşına çatmayan sığortaolunanların tibb müəssisəsinə təhkim olunması üçün ərizə onların qanuni nümayəndələri tərəfindən verilir. Sığortaolunan ərizənin təqdim edilməsini elektron şəkildə və ailə həkiminin (sahə həkimi-terapevtin, sahə həkimi-pediatrın) seçimini “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin veb saytı vasitəsilə həyata keçirə bilər.

Sığortaolunan tibb müəssisəsinə təhkim olunmaq üçün tibb müəssisəsinə verdiyi ərizə ilə şəxsiyyətini təsdiq edən sənədi və yaşadığı ünvan üzrə qeydiyyata dair sənədi təqdim etməlidir. Tibb müəssisəsi ərizəni qəbul etdiyi gündən sonra 2 iş günü müddətində təhkimolunma barədə qərar verməli və bu barədə sığortaolunana elektron və ya kağız daşıyıcılar vasitəsilə bildiriş təqdim edilməlidir. Bildirişdə sığortaolunanın təhkim edildiyi tibb müəssisəsinin adı, ünvanı, ailə həkiminin (sahə həkimi-terapevtin, sahə həkimi-pediatrın) soyadı, adı, atasının adı və əlaqə məlumatları qeyd olunur. Tibb müəssisəsi sığortaolunana təhkim olunmadan aşağıdakı əsaslarla imtina verə bilər:

- sığortaolunan yaşadığı ərazinin hüdudlarından kənarda fəaliyyət göstərən tibb müəssisəsinə müraciət etdikdə;

- sığortaolunan bu Qaydada nəzərdə tutulan tələbləri pozduqda.

Təhkimolunmaya imtina verildiyi halda, tibb müəssisəsi ərizənin qəbul edildiyi gündən sonra 2 iş günü müddətində bu barədə sığortaolunanı elektron və ya kağız daşıyıcılar vasitəsilə məlumatlandırmalıdır. Sığortaolunanın eyni zamanda iki və ya daha çox tibb müəssisəsinə təhkim olunmasına yol verilmir. Sığortaolunan təhkim olunduğu tibb müəssisəsini öz arzusu ilə təhkimolunma günündən etibarən azı 1 təqvim ili keçdikdən sonra dəyişə bilər. Sığortaolunan yaşadığı ərazini dəyişdikdə, yeni ərazidə göstərilmiş vaxt məhdudiyyəti nəzərə alınmadan tibb müəssisəsinə təhkim olunmaq üçün müraciət etməlidir. Sığortaolunan tibb müəssisəsini dəyişmək istədikdə, bu Qaydaya uyğun olaraq yeni tibb müəssisəsinə müraciət edir. Müraciət olunan tibb müəssisəsi əvvəlki tibb müəssisəsinə elektron şəkildə müraciətlə sığortaolunanın tibbi qeydiyyat sənədlərini tələb edir. Müraciət 5 iş günü müddətində icra olunmalıdır. Sığortaolunan bu Qaydada göstərilmiş şərtlər nəzərə alınmaqla, ailə həkimini (sahə həkimi-terapevti, sahə həkimi-pediatrı) seçmək və məhdudiyyət qoyulmadan dəyişməkdə sərbəstdir.

Tibb müəssisəsində bir ailə həkiminə (sahə həkimiterapevtə, sahə həkimi-pediatra) təhkim olunan sığortaolunanların say həddi aşağıdakı kimi müəyyən edilir:

- kənd əhalisi üzrə - bir ailə həkiminə - 2000 nəfərdən çox olmamaqla;

- şəhər əhalisi üzrə - bir sahə həkimi-terapevtə - 1800 nəfərdən (18 yaşından yuxarı şəxslər), bir sahə həkimi-pediatra (18 yaşınadək şəxslər) - 800 nəfərdən çox olmamaqla.

Tibb müəssisəsi təhkimolunan sığortaolunanlar barədə məlumatları və bu məlumatlarda baş verən dəyişiklikləri İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin informasiya resursları ilə inteqrasiya edilən elektron sistemə daxil edir və həmin məlumatların mütəmadi olaraq yenilənməsini təmin edir.

Azvision.az

Teqlər: