Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianələrin köçürülməsi asanlaşıb

  23 Mart 2020    Oxunub : 999
Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianələrin köçürülməsi asanlaşıb
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi Koronavirusla Mübarizəyə Dəstək Fonduna “Smartpay” elektron ödəniş sistemi üzərindən ianələrin köçürülməsi üçün texniki imkan yaradıb.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, hazırda bu sistem üzərindən respublikanın bütün regionlarını əhatə edən “Azərpoçt” MMC-nin filialları və şöbələrində, “Naxçıvanbank”ın ödəmə terminallarında, həmçinin evdən çıxmadan “kassam.az” (https://kassam.az/payment/service/897) və “smartpay.az”(https://smartpay.az/payment/service/771) saytlarında ianə etmək mümkündür.

Tezliklə “Modenis” MMC (eManat), “Mobile Payment Systems-Portmanat” MMC (https://portmanat.az/), “KomTek Ltd” MMC (MilliÖn ödəmə sistemləri), “Paysis” MMC (EPUL) kimi şirkətlər də “Smartpay” ödəniş sisteminə inteqrasiya olunacaq. Belə ki, adıçəkilən şirkətlər koronavirusla mübarizəyə dəstək olaraq xidmət haqqı tutmadan vətəndaşların ianələrini rahat şəkildə köçürmələrinə şərait yaradacaq.

Xatırladaq ki, Koronavirusla Mübarizəyə Dəstək Fondu Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən yaradılıb.

Azvision.az

Teqlər: NRYTN