BNA karantin rejimində necə işləyəcək? - AÇIQLAMA

BNA karantin rejimində necə işləyəcək? -  AÇIQLAMA
  24 Mart 2020    Oxunub:5557
Xüsusi karantin rejimində ekspress avtobus xətləri təşkil ediləcək.
Azvision.az xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib. Onun sözlərinə görə, M1 və M2 ekspress marşrut xətləri üzrə avtobuslar səhər saat 6-dan axşam saat 10-a qədər fəaliyyət göstərəcək.

"Ekspress xətt üzrə avtobuslar yalnız metroların çıxışlarında olan dayanacaqlarda dayanır. M1 marşrut xətti "Həzi Aslanov" metrostansiyasından "20 Yanvar" metrostansiyasına qədər 11 metro stansiyasını əhatə etməklə sərnişinlərə xidmət edəcək. M2 xətti üzrə "Həzi Aslanov" metrostansiyasından başlamaqla "20 Yanvar" stansiyasına qədər 15 metrostansiyasını əhatə etməklə sərnişinlərə xidmət göstərəcək. Avtobuslar 10 dəqiqə interval üzrə hərəkət edəcəklər. Bakı Nəqliyyat Agentliyinin nəzdində olan 30 iritutumlu 12 metrlik avtobuslarla xidmət həyata keçiriləcək. Zərurət olduğu halda 18 metrlik avtobusların da xəttə buraxılması nəzərdə tutulur. Gediş haqqı 30 qəpik olacaq. Bundan əlavə, müntəzəm marşrut xətləri üzrə sərnişin avtobuslarının fəaliyyəti adi rejimdə davam edəcək və sərnişin axınına əsasən gündəlik avtobusların sayı tənzimlənəcək", - deyə BNA rəsmisi vurğulayıb.

Qeyd edək ki, sabahdan Azərbaycanda tətbiq ediləcək xüsusi karantin rejimi ilə əlaqədar ölkə üzrə rayon və şəhərarası sərnişindaşınma fəaliyyəti dayandırılacaq.

Aytən Zəhra
Azvision.az


Teqlər: BNA  





Xəbər lenti