Marneulidə 1700 nəfər koronavirusla bağlı yoxlanılacaq

  24 Mart 2020    Oxunub : 1506
 Marneulidə 1700 nəfər koronavirusla bağlı yoxlanılacaq
Gürcüstanda azərbaycanlıların kompakt şəkildə yaşadıqları, karantin zonası elan olunan Marneuli rayonunda 1700 nəfər koronavirusla bağlı test olunacaqlar.
Azvision.az xəbər verir ki, bunu Gürcüstan parlamentinin deputatı Akakiy Zoidze deyib. Onun sözlərinə görə, rayondakı insanlar müayinə olunmalı və daha sonra virusun yayılmaması üçün təcrid edilməlidirlər.

Gürcüstan hökumətinin qərarı ilə koronavirusun yayılmasının yüksək riski ilə əlaqədar azərbaycanlıların yaşadıqları Marneuli və Bolnisi rayonlarında karantin elan olunub.

Mütəxəssislər infeksiyanın daha geniş yayılmasına səbəb kimi Azərbaycandan olan qonaqlar da daxil olmaqla bir neçə yüz nəfərin qatıldığı mərasimin keçirilməsini göstəriblər. Hazırda Marneulidə 170 min, Bolnisi rayonunda isə 80 min insan yaşayır. Onların əksəriyyəti etnik azərbaycanlıdır.

Gürcüstana gəlincə isə hazırda ölkədə koronavirus diaqnozu qoyulan pasiyentlərin sayı 66-ya çatıb, onların 9-u sağalıb.

İlkin Nəcəfzadə
Azvision.az

Teqlər: Gürcüstan   Virus