“Həmvətənlərimiz olduqları ölkənin karantin qaydalarına əməl etsinlər” - XİN

“Həmvətənlərimiz olduqları ölkənin karantin qaydalarına əməl etsinlər”    - XİN
  24 Mart 2020    Oxunub:3205
Bu gün dünyamız yeni növ koronovirus təhlükəsinin yayılması ilə üz-üzədir. Bütün dünya dövlətləri, o cümlədən Azərbaycan hökuməti tərəfindən ən təsirli ciddi və təxirəsalınmaz tədbirlər həyata keçirilir və bu proses bir başa Azərbaycan Prezidenti İlham Əliyevin nəzarəti altındadır.
Azvision.az xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib. O qeyd edib ki, pandemiyanın geniş yayıldığı, Azərbaycanın qonşu ölkələrlə sərhədlərinin bağlandığı və hava reyslərinin dayandırıldığı bir vaxtda dövlətimiz xaricdə olan vətəndaşlarımızn təxliyəsini həyata keçirib, on minədək vətəndaşımız ölkəyə geri qaytarılıb.

XİN rəsmisi əlavə edib ki, Azərbaycana geri dönən vətəndaşlarımız dövlət hesabına 15-20 gün karantin müddəti keçirlər. Onun sözlərinə görə, bu gün Azərbaycan dövləti vətəndaşlarının təhlükəsizliyinin təmin olunması üçün bütün imkanlarını səfərbər edib. “Biz vətəndaş olaraq üzərimizə düşən məsuliyyəti dərk etməliyik, dövlətimizi dəstəkləməliyik. Vətəndaşlarımıza müraciət edərək bildiririk ki, həmvətənlərimiz olduqları ölkənin karantin qaydalarına əməl etsinlər. Mümkün qədər xarici və geri dönüş səfərlərini məhdudlaşdırsınlar. Bu, həmin vətəndaşların və cəmiyyətimizin təhlükəsizliyinin qorunmasına xidmət edəcək”, - deyə L.Abdullayeva vurğulayıb.

O bildirib ki, XİN-nin və xarici ölkələrdəki diplomatik nümayəndəliklərimizin “qaynar xətt”ləri 24 saat fəaliyyət göstərir. Vətəndaşlarımız istənilən “qaynar xətt” vasitəsi ilə əlaqə saxlaya bilərlər.

Qeyd edək ki, XİN-in 596 94 49 nömrəli “qaynar xətt”i 24 saat fəaliyyət göstərir. Saat 09:00-dan saat 21:00-dək Xarici İşlər Nazirliyinin struktur bölmələrinin əməkdaşları bu qərargahda növbəli şəkildə gələn zəngləri cavablandırırlar. Saat 21:00-dan səhər saat 09:00-dək isə bu xətlər mobil nömrələrə keçirilir. Əməkdaşlar evdən sualları cavablandırırlar. Eyni zamanda, paralel olaraq Xarici İşlər Nazirliyinin elektron poçt ünvanı da fəaliyyət göstərir ([email protected]).

Azvision.az


Teqlər: XİN  





Xəbər lenti