Koronavirus və “beşinci kolon” - Siyavuş Novruzov yazır

   Koronavirus və “beşinci kolon” -    Siyavuş Novruzov yazır
  25 Mart 2020    Oxunub:3102
YAP İcra katibinin müavini, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov yeni məqalə yazıb.
Azvision.az həmin məqaləni təqdim edir:

Qüdrətli Azərbaycan dövləti daim öz vətəndaşının yanındadır

Müasir dövrdə hər bir ölkənin dinamik inkişafını, beynəlxalq münasibətlər sistemində yerini və rolunu müəyyən edən başlıca strateji amil iqtidarın səmərəli, milli maraqlara əsaslanan daxili və xarici siyasət həyata keçirməsidir. Bu kontekstdə Azərbaycanın nümunəsi müsbət və mütərəqqi təcrübə kimi diqqəti cəlb edir.

Ölkəmizdə həyata keçirilən dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşlarının rifahı və mənafeyi dayanır

Bu gün Azərbaycan dayanıqlı inkişafa malik, möhkəm ictimai-siyasi sabitliyin, bütün azadlıqların təmin olunduğu, qüdrətli və nüfuzlu ölkə kimi tanınır. Ölkəmizi fərqləndirən başlıca səciyyəvi xüsusiyyətlərdən biri vətəndaş həmrəyliyinin, xalq-iqtidar birliyinin mövcudluğudur. Yerli mütəxəssislər və xarici ekspertlər bu kontekstdə Azərbaycanda həyata keçirilən sosial siyasətin mühüm əhəmiyyət kəsb etdiyini qeyd edir, onun səmərəli nəticələrini daha çox önə çəkir, bu nümunənin dünya ölkələri üçün pozitiv örnək kimi çıxış etdiyini bildirirlər. Bəli, reallıq budur ki, hüquqi və sosial dövlət olan Azərbaycanda vətəndaşlar dövlətin hərtərəfli qayğısı ilə əhatə olunublar, əhalinin rifah halının daha da yaxşılaşdırılması, insanların layiqli həyat şəraitinin təmin olunması istiqamətində həyata keçirilən məqsədyönlü və səmərəli tədbirlər ardıcıl – davamlı xarakter daşıyır. Son zamanlar dünyanı cənginə almış yeni növ koronavirusun – COVİD-19 infeksiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində həyata keçirilən təxirəsalınmaz tədbirlər Azərbaycan Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın əhalinin sağlamlığını daim diqqət mərkəzində saxladıqlarını, həyata keçirilən siyasətin mərkəzində məhz vətəndaşların rifahı və mənafeyini dayandığını bir daha təsdiq edir.

Zəruri resurslar səfərbər olunaraq profilaktik və mübarizə xarakterli təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi əhalinin sağlamlığının qorunmasına xidmət edir

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən qlobal pandemiya elan edilmiş COVİD-19 dünyada sürətlə yayılır, bir çox ölkələr, hətta inkişaf etmiş dövlətlər ciddi problemlərlə üzləşiblər və faktiki olaraq çarəsiz vəziyyətdədirlər. Mövcud durum və acı reallıqlar dövlətləri daha ciddi tədbirlər görməyə sövq edir. Yerləşdiyi coğrafi məkandan, əhalisinin sayından və inkişaf səviyyəsindən asılı olmayaraq çoxsaylı ölkələr tərəfindən müxtəlif xarakterli xüsusi tədbirlər, o cümlədən məhdudiyyətlər və qadağalar tətbiq olunur, sosial izolyasiya tədbirləri gücləndirilir. ÜST-nin də açıqladığı məlumatlardan göründüyü kimi, spesifik vaksini və müalicəsi olmayan bu xəstəliyin qarşısının alınması istiqamətində səmərəli qabaqlayıcı addımlar atan ölkələrdə vəziyət daha qənaətbəxşdir.

Azərbaycanda isə Prezident İlham Əliyevin göstərişi və tapşırığı əsasında ilk vaxtlardan koronavirus infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması istiqamətində profilaktik, mübarizə xarakterli təxirəsalınmaz tədbirlər operativ və effektiv surətdə həyata keçirilir, eləcə də əhali arasında geniş maarifləndirmə işi aparılır. Bu məqsədilə aidiyyəti dövlət orqanlarının və qurumlarının rəhbər şəxslərindən ibarət tərkibdə yaradılmış Nazirlər Kabineti yanında Operativ Qərargah öz fəaliyyətini uğurla davam etdirir, koordinasiyalı fəaliyyət nəticəsində müvafiq addımlar atılır, zəruri qərarlar qəbul edilir. Bununla yanaşı, Azərbaycan Prezidenti cənab İlham Əliyevin müvafiq Fərmanı ilə Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması, o cümlədən dövlət başçısının və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bir illik əməkhaqqı məbləğlərini Fonda ianə etmələri infeksiya ilə mübarizənin, onun yayılmasının qarşısının alınmasının, əhalinin sağlamlığının və ölkənin təhlükəsizliyinin təmin olunmasının prioritet əhəmiyyət daşıdığını, Azərbaycan dövlətinin bu məqsədlər üçün zəruri resursları səfərbər etdiyini və müvafiq nəticələrə nail olmaq üçün bütün mümkün vasitələrdən istifadə olunacağını aydın göstərir.

Beləliklə, ÜST-nin tövsiyələrini və beynəlxalq təcrübəni nəzərə alan, əhalinin sağlamlığının etibarlı qorunmasını daim diqqətdə saxlayan Azərbaycan hökuməti reallaşdırılan tədbirlərin əhatə dairəsini daha da genişləndirib. Ölkəmizdə xüsusi karantin rejiminin tətbiq olunması, bu çərçivədə kütləvi tədbirlərin təxirə salınması, dövlət və özəl sektora aid qurumlar, vətəndaşlar üçün xüsusi qaydaların elan olunması və onlara ciddi riayət edilməsi üçün nəzarət mexanizminin formalaşdırılması və tətbiqinin qərara alınması, eləcə də digər addımlar bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Bəzi dövlət qurumlarının əməkdaşlarının martın 29-dan aprelin 29-dək əməkhaqqı saxlanılmaqla növbədənkənar məzuniyyətə göndərilməsi barədə qərar qəbul olunması, həmçinin özəl sektorda çalışanların da maraqlarının nəzərə alınması böyük önəmə malikdir. Bununla yanaşı, mövcud şəraitdə pandemiyadan ən çox zərər çəkən fəaliyyət sahələrinin, o cümlədən iqtisadi artımı və məşğulluğu formalaşdıran əsas sahələrin müəyyənləşdirilməsi, ölkənin iqtisadi və maliyyə dayanıqlığının gücləndirilməsi, dövlət tərəfindən atıla biləcək addımların və dəstək tədbirlərinin istiqamətlərinin dəqiqləşdirilməsi, bu istiqamətdə müvafiq qərarların qəbul və icra olunması dövlətin diqqət mərkəzindədir.

Yeni Azərbaycan Partiyası koronavirusun ölkə ərazisində yayılmasına qarşı hökumətin həyata keçirdiyi tədbirləri yaxından dəstəkləyir

Azərbaycan dövlətinin milli maraqları əsasında fəaliyyətini uğurla davam etdirən, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin Sədrliyi ilə böyük inkişaf yolu keçən, ümumxalq partiyası kimi tanınan Yeni Azərbaycan Partiyası (YAP) da öz növbəsində əhalinin sağlamlığını daim diqqətdə saxlayır, insanlara həssas münasibəti və xüsusi qayğısı ilə fərqlənir. Partiyamızın strukturları koronavirusa qarşı mübarizədə Nazirlər Kabinetinin yanında fəaliyyət göstərən Operativ Qərargahın tapşırıqlarına uyğun olaraq virusa yoluxma hallarının qarşısının alınması məqsədilə səfərbər edilib. Partiya üzvləri bu fəaliyyət çərçivəsində Operativ Qərargahın qərarlarının əhali arasında təbliğ edilməsi, insanları virusa yoluxma hallarının qarşısının alınması məqsədilə mütəxəssis tövsiyələrinə əməl olunmasında şəxsi intizama və məsuliyyətə dəvət edirlər. Eyni zamanda, yerli partiya təşkilatları virusa yoluxma hallarının qarşısının alınması məqsədilə ehtiyacı olan insanlara zəruri yardım göstərirlər. Yeni Azərbaycan Partiyası, eyni zamanda, Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılmasını dünyanı lərzəyə salan qorxulu infeksiyanın qarşısının alınmasında mühüm addım hesab edərək Fonda 500 min manat civarında vəsait ianə edib. Paralel olaraq YAP fəalları və könüllüləri "Sağlamlığımız milli həmrəyliyimizdədir" aksiyası çərçivəsində operativ profilaktik və mübarizə tədbirlərinə qoşulub, maarifləndirmə işində fəallıq göstərirlər. Partiya üzvləri ölkəmizdə infeksiyanın yayılmasının qarşısını almaq məqsədi daşıyan profilaktik tədbirlərə əhalinin dəstək verməsi, sosial həmrəylik nümayiş etdirmələri üçün bütün imkanlardan istifadə edirlər. Sosial şəbəkələrdə, yaşadıqları ərazilərdə insanlar arasında virusdan qorunmağın yolları barədə tövsiyələr verməklə görülən işlərin daha səmərəli nəticə verməsinə töhfələrini verirlər. Partiyamızın fəalları bu nəcib aksiya çərçivəsində aztəminatlı ailələrin üzvlərinə, tənha və kimsəsizlərə tibbi spirt, maska, əlcək və digər tibbi ləvazimatlar paylayır, sosial qayğıya ehtiyacı olan şəxslərin təminatlarının ödənilməsi istiqamətində aktiv iştirak edirlər. Onlar, həmçinin vətəndaşlara bir daha gigiyena qaydalarına riayət olunmasının əhəmiyyətini çatdırır, özlərinin və yaxınlarının müəyyən edilimiş qayda və tövsiyələrə əməl edərək sağlamlıqlarını qorumalarının vacibliyini xatırladırlar.

Göründüyü kimi, Yeni Azərbaycan Partiyası dünyanı lərzəyə salan qlobal təhlükəyə qarşı mübarizədə Prezident İlham Əliyevin tapşırığı əsasında Azərbaycan hökumətinin həyata keçirdiyi tədbirləri yaxından dəstəkləyir.

Anti-Azərbaycan dairələrin direktivlərini yerinə yetirən “beşinci kolon”un xalqın və dövlətin mənafeyinə zidd mövqe sərgiləməsi nəyin ifadəsidir?

Təbii ki, qlobal pandemiyaya çevrilmiş yeni növ koronavirusun geniş yayılmasına qarşı formalaşdırılmış mübarizə mexanizminin səmərəliliyini təmin edən mühüm amillərdən biri dövlət tərəfindən həyata keçirilən zəruri tədbirlərə əhalinin fəal dəstək göstərməsidir. Yəni hər bir fərd siyasi mövqeyindən, dünyagörüşündən, sosial statusundan asılı olmayaraq vətəndaş məsuliyyəti nümayiş etdirməli, müəyyən olunmuş qaydalara ciddi riayət etməli, ajiotaj və təşviş yaratmağa xidmət edən davranışlardan çəkinməli, reallığı əks etdirməyən informasiyalarla ictimai şüuru manipulyasiyaya məruz qoymamalıdır.

Təəssüflər olsun ki, ölkəmizdə anti-Azərbaycan dairələrin direktivlərini yerinə yetirən “sapı özümüzdən olan balta”lar, yəni “beşinci kolon” üzvləri ictimai və siyasi məsuliyyətsizlik nümayiş etdirərək dövlətin maraqlarına və xalqın mənafeyinə zidd mövqe sərgiləyirlər. Onlar koronavirusun yayılmasına qarşı mübarizə məsələsi ilə əlaqədar sosial şəbəkələr vasitəsilə reallıqlara uyğun olmayan məlumatlar, daha doğrusu, dezinformasiyalar ortaya atmaqla sosial immuniteti azaltmağa, operativ və effektiv tədbirlərin üzərinə kölgə salmağa çalışırlar. Milli həmrəyliyə, fərdi və ictimai məsuliyyətə hər zamankından daha çox ehtiyac olduğu bir zamanda radikal düşərgə təmsilçilərinin bu cür anti-xalq və anti-dövlət mövqeyindən çıxış etmələri bir daha həmin ünsürlərin Azərbaycana qarşı qərəzli münasibət bəsləyən xarici dairələrin əlində alət olduğunu göstərir.

AXCP sədri Əli Kərimli və onun azsaylı radikal ətrafı, o cümlədən okeanın o tayında, Avropada oturaraq Azərbaycana qarşı ermənilərin, erməni lobbisinin maliyyə dəstəyi əsasında “qara piar” kampaniyası aparan Cəmil Həsənli, Sevinc Osmanqızı və digər bir sıra antimilli ünsürlər koronavirusun yayılmasının qarşısının alınması istiqamətində xalqa heç bir maddi və mənəvi dəstək göstərməməklə yanaşı, təxribat xarakterli məlumatlar yaymaqla məşğuldurlar. Bu şəxslərin bir müddət öncə dünya bazarında neftin qiymətinin aşağı düşməsi ilə əlaqədar sevinclərinin həddi-hüdudu yox idi, onlar Azərbaycan dövlətinin iqtisadi böhranla üzləşməsi arzusunda olduqlarını açıq şəkildə ifadə edirdilər. Halbuki neftdən gələn vəsaitlər hesabına ölkəmizdə mühüm sosial əhəmiyyətli tədbirlər həyata keçirilib – çoxsaylı məktəblər, xəstəxanalar, körpülər, idman-olimpiya kompleksləri tikilib, yollar çəkilib, digər mühüm infrastruktur layihələri reallaşdırılıb, iqtisadi inkişafa təkan verən investisiyalar yatırılıb. Eyni zamanda, Azərbaycanın təşəbbüsü və liderliyi ilə qlobal əhəmiyyətli transmilli enerji və nəqliyyat layihələrinin həyata keçirilməsi, yeni əməkdaşlıq platformalarının yaradılması ölkəmizin qüdrətinin artmasını, ikitərəfli və çoxtərəfli münasibətlərinin inkişafını təmin edib, ölkəmizin qarşısında yeni perspektivlər açılıb. Bunlarla yanaşı, neft gəlirlərindən səmərəli istifadə olunması nəticəsində qeyri-neft sektorunun dayanıqlı inkişafı təmin olunub. Bütün bu reallıqlar aşkar olduğu halda, Əli Kərimli, Cəmil Həsənli, Sevinc Osmanqızı və Azərbaycan dövləti əleyhinə qərəzli təbliğat aparan digər anti-milli ünsürlərin ermənilərlə birlikdə neftin qiymətinin düşməsini sevinclə qarşılamaları və dbu kimi digər faktlar onların erməni lobbisinin maraqlarının müdafiəçiləri olduqlarını bir daha sübuta yetirir. Daha bir məqam odur ki, xaricdə oturub sosial şəbəkələrdə anti-Azərbaycan təbliğatı aparan bəzi antimilli ünsürlərin olduqları – yaşadıqları yerlərdə küçəyə çıxmağa qorxduqları halda, Azərbaycan vətəndaşlarına koronavirusla mübarizə tədbirləri çərçivəsində müəyyən olunmuş qaydalara əməl etməklə bağlı “ağıl öyrətməyə” – “dərs verməyə” çalışmaları absurd və gülüncdür.

Əlbəttə, Azərbaycan xalqı 30 ildir ki, tarixin tozlu arxivinə yollanmış, siyasi autsayderə çevrilmiş radikal müxalifətin, Əli Kərimli, Cəmil Həsənli kimi ermənilərlə sinxron hərəkət edən uğursuz “siyasətçi”lərin təxribat cəhdlərinə heç vaxt izin verməyəcək, onlar bu cür manipulyasiyalar ilə sabitliyin, vətəndaş həmrəyliyinin pozulmasına və digər çirkin məqsədlərinə çata bilməyəcəklər. Çünki ölkəmizdə sarsılmaz xalq-iqtidar birliyi mövcuddur və bu amil sabitliyin, inkişafın daimi qarantıdır!

Azvision.az


Teqlər: Deputat   Siyavuş-Novruzov  





Xəbər lenti