“İndi vətəndaşların üzərinə böyük məsuliyyət düşür” - Politoloq

  25 Mart 2020    Oxunub : 2674
 “İndi vətəndaşların üzərinə böyük məsuliyyət düşür” -  Politoloq
“Koronavirus pandemiyası ilə mübarizədə Azərbaycan digər ölkələr tərəfindən buraxılan səhvləri təkrarlamadı. Əksinə dərhal və nəticəyə təsir edə biləcək qərarlar qəbul olundu ki, bu da vəziyyəti nəzarətdə saxlamağa imkan verir”.
Bu fikirləri Azvision.az -a açıqlamasında politoloq Nəzakət Məmmədova bildirib. Onun sözlərinə görə, Azərbaycan koronavirusla mübarizədə başqa xarici ölkələrin müsbət və mənfi təcrübəsini nəzərə alır və beynəlxalq səhiyyə təşkilatları ilə əməkdaşlığı dərinləşdirir:

“Bütün bu və digər məsələlərə Prezident İlham Əliyev “AzTV”-yə geniş müsahibəsində aydınlıq gətirdi. Eyni zamanda ölkədaxili görülmüş tədbirlərlə bağlı ictimaiyyətə geniş izahat verdi. Prezident qeyd edib ki, Ümumdünya Səhiyyə Təşkilatı ilə bilavasitə təmasdayıq. Bizim dəvətimizlə bu təşkilatın nümayəndələri Azərbaycana səfərə gələrək vəziyyətlə tanış olublar. Onlar da Azərbaycan hökuməti tərəfindən görülmüş işlərə yüksək qiymət veriblər. Ölkə başçısı həmin müsahibədə bir daha vurğuladı ki, qəbul edilən qərarların bir çoxu Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə, təcrübəsinə və bu gün pandemiyanın geniş yayıldığı ölkələrin mənfi təcrübəsinə əsaslanır”.

N.Məmmədova qeyd edib ki, pandemiya ilə mübarizədə ölkənin bütün quru sərhədlərinin dərhal bağlanması həyati əhəmiyyətli məsələ idi: “Həqiqətən sərhədlərin bağlanması virusun digər ölkələrdən Azərbaycana gətirilməsinin qarşısını qismən ala bildi. Ölkə başçısının da qeyd etdiyi kimi aviareyslərin sayı da kəskin aşağı düşüb və demək olar ki, indi çox az səviyyədə aviareyslər icra edilir və bu da önləyici tədbirlərin bir hissəsidir. Azərbaycan vətəndaşlarının təxliyə edilməsi üçün atılan əməli addımlar da xüsusi əhəmiyyətə malikdir. Bu günə qədər on min Azərbaycan vətəndaşı vətənə qaytarılıb. Cənab Prezidentin söylədiyi kimi Azərbaycan vəziyyətin mənfi istiqamətdə inkişafının qarşısının alınması üçün qabaqlayıcı tədbirləri görməklə vətəndaşlarını qoruyur. Biz dövlətimizi, xalqımızı, insanlarımızı, xüsusilə yaşlı insanları qorumalıyıq. Ancaq virusla mübarizədə vətəndaşlarımızın da üzərinə böyük məsuliyyət düşür. Onlar verilən qərarlara əməl etməklə pandemiyadan xilas yolunda əməli addım atmış olarlar”.

Politoloq qeyd edib ki, ölkə başçısının söylədiyi kimi xalqımızın adət-ənənələri, milli dəyərləri, bizə bu virusla mübarizədə kömək edəcək: “Xüsusilə, gənc könüllülərə ölkə başçısının yaşlılara qayğı ilə bağlı müraciəti bu baxımdan təqdirəlayiqdir. Ölkə başçısı onu da xüsusi vurğulayıb ki, dövlət bu məsələdə əlindən gələni edir və edəcək. Ancaq faciəvi xəstəliyə qarşı mübarizədə vətəndaşlardan çox şey asılıdır. Prezident vətəndaşları bir daha məsuliyyətli olmağa çağırdı ki, onlar yeni qaydalara, xüsusi karantin rejiminə riayət etsinlər, bu məsələni çox ciddi qəbul etsinlər. Bilsinlər ki, həm özlərinin, həm də yaxınlarının sağlamlığı onların əlindədir. Dövlət nə mümkündürsə, edir. Ancaq vətəndaşların məsuliyyəti, nizam-intizamı mübarizəmizi daha da məqsədyönlü və uğurlu edəcəkdir”.

N.Məmmədova əlavə edib ki, dövlət başçısı İlham Əliyev öz çıxışında əhalini ən çox narahat edən məsələyə də toxunub: “Prezident bildirdi ki, sahibkarlara, işəgötürənlərə çox ciddi çağırışlar edilib. Amma bir daha bütün sahibkarlara üzünü tutub söylədi ki, onlar işçiləri ixtisar etməsinlər. Çünki indiki şəraitdə bunu etmək bizim həmrəylik təşəbbüsümüzə zidd ola bilər. Ancaq təbii ki, əgər sahibkarın fəaliyyəti məhdudlaşıbsa, o, itkilərə məruz qalır və burada dövlət öz dəstəyini verməlidir. Dövlət bunu edəcək. Xəstəliklə bağlı ən həssas sahibkarlar qruplarına xüsusi maliyyə dəstəyi göstəriləcək, vergi güzəştləri ediləcək, digər imtiyazlar da veriləcək. Ancaq bizim əsas tələbimiz və tövsiyəmiz ondan ibarətdir ki, sahibkarlar işçiləri ixtisar etməsinlər. Ona görə bir milyard manat məbləğində vəsaitin necə xərclənəcəyi haqda vətəndaşlara müntəzəm olaraq məlumat veriləcək. Çünki burada məşğulluq məsələləri ön plandadır, makroiqtisadi sabitlik təmin edilməlidir. Prezident çıxışında bir daha vurğuladı ki, dövlət tərəfindən görülmüş bütün işlər bir məqsədi güdür ki, biz bu ağır, çətin vəziyyətdən az itkilərlə çıxaq. Ancaq, ölkə başçısının dediyi kimi hər bir vətəndaş bunu bilməlidir və Avropanın aparıcı ölkələrinin təcrübəsi göstərir ki, əgər burada hökumətlə vətəndaşlar arasında birlik olmasa, biz bu xəstəliyin acı fəsadlarını yaşamalı olacağıq. Biz bu günə qədər həmişə xalq-iqtidar birliyinin hesabına inkişafa nail olmuşuq. Bu gün Azərbaycanın əsas təkanverici qüvvəsi xalq-iqtidar birliyidir”.

Elvin Abdulqədirov
Azvision.az

Teqlər: Koronavirus