Deputatlar iclasda bir-birindən 2 metr aralı oturacaq

  27 Mart 2020    Oxunub : 3199
 Deputatlar iclasda bir-birindən 2 metr aralı oturacaq
Milli Məclis Sədrinin təşəbbüsü ilə ölkəmizdə koronavirus (COVID-19) infeksiyasının yayılmasına qarşı görülən sistemli tədbirlərin tərkib hissəsi kimi parlamentdə bu sahədə məqsədyönlü işlər aparılır. Belə ki, Milli Məclisin 2020-ci il martın 30-da keçiriləcək növbəti plenar iclası zamanı deputatların iclas zalında lazımi məsafəyə riayət etməklə bir-birindən ən azı iki metr aralıda əyləşməsi məsələsi öz həllini tapıb.
Milli Məclisin mətbuat xidmətindən Azvision.az-a verilən məlumata görə, bununla yanaşı, deputatların, Aparat və İşlər İdarəsinin məsul əməkdaşlarının koronavirus ilə bağlı müvafiq qaydada tibbi yoxlamadan keçirilməsi təmin edilib, parlamentin avtomobil vasitələrinin mütəmadi dezinfeksiyası təşkil olunub.

Xatırladırıq ki, Milli Məclisdə idarəetmə stasionar, mobil və internet rabitələri vasitəsi ilə həyata keçirilir. Parlament rəhbərliyi ilə komitə və komissiyaların rəhbərləri, parlamentdə təmsil olunan siyasi partiyaların liderləri, habelə parlament Aparatının və İşlər İdarəsinin məsul vəzifəli şəxsləri arasında informasiya mübadiləsi internet üzərindən uğurla davam etdirilir.

Azvision.az

Teqlər: Milli-Məclis   Koronavirus