401 min nəfərə aylıq sosial müavinətlər təyin olunub

401 min nəfərə aylıq sosial müavinətlər təyin olunub
  02 Aprel 2020    Oxunub:2194
Bu il yanvarın 1-dək 401,2 min nəfərə aylıq sosial müavinətlər təyin olunub.
Azvision.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, yaşa görə müavinət alanların sayı 82,4 min, əlilliyə görə - 180,5 min, ailə başçısını itirməyə görə - 47 min, sağlamlıq imkanları məhdud olduğuna görə müavinət alan 18 yaşadək uşaqların sayı 63 min, digər müavinətləri alanların sayı isə 28,3 min nəfər olub. Həmçinin bildirilib ki, əmək pensiyası almaq hüququ olmayan 1,5 min nəfərə kommunal, nəqliyyat və digər xidmətlər üçün müavinət verilib.

Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların 266 nəfər qəyyumu aylıq müavinət alıb. Bununla yanaşı, şəhid ailələrinin, müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin, Çernobıl qəzası nəticəsində I və II dərəcə əlilliyi müəyyən edilib, yaxud vəfat etmiş şəxslərin, habelə Çernobıl qəzası nəticələrinin aradan qaldırılması iştirakçılarının və müddətli hərbi xidmət qulluqçularının 8,6 min ailəsinə 14,6 min uşaq üçün aylıq müavinət verilib. Bundan əlavə, 1655 nəfər bir yaşınadək uşağı olan 1654 aztəminatlı ailə və beşdən çox uşağı olan 2,7 min qadın 9,1 min uşaq üçün sosial müavinət, əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində zərərçəkən 392 şəxs isə kompensasiya alıb.

Ötən il ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 72647 ailəyə 76204 uşağın anadan olmasına görə, radiasiya qəzası nəticəsində zərər çəkmiş 4273 şəxsə, müalicə üçün və penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş 6387 nəfərə birdəfəlik müavinətlər verilib.

Azvision.az


Teqlər: Müavinət   Statistika  





Xəbər lenti