ABŞ-dakı vətəndaşlarımız üçün onlayn konsulluq xidmətinə başlanıldı

  04 Aprel 2020    Oxunub : 1526
ABŞ-dakı vətəndaşlarımız üçün onlayn konsulluq xidmətinə başlanıldı
ABŞ-Azərbaycan Ticarət Palatasının Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyi ilə birgə onlayn konsulluq məsləhətləşmələr layihəsinə start verilib.
Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyindən Azvision.az -a verilən məlumata görə, 3 aprel tarixində ABŞ-Azərbaycan Ticarət Palatasının təşəbbüsü və ölkəmizin ABŞ-dakı Səfirliyinin iştirakı ilə birgə canlı vebinar sessiyası baş tutub. Sessiyanın moderatoru ABŞ-Azərbaycan ticarət palatasının icraçı direktoru Natiq Baxışov, sessiyanın iştirakçıları Səfirliyin əməkdaşları müşavir Vüqar Qurbanov, konsul Emil Muradzadə, konsul Fidan Muradzadə, siyasi məsələlər üzrə əməkdaş Şəlalə Vəliyeva olub.

Onlayn sessiyanın əsas məqsədi ABŞ-da yaşayan Azərbaycan vətəndaşlarına son məlumatları çatdırmaq, onların suallarını cavablandırmaq və fikir mübadiləsi aparmaq olub. Bu xüsusda sessiya zamanı COVİD-19 pandemiyası ilə bağlı Azərbaycanda görülmüş işlər, ABŞ-dakı mövcud vəziyyət və yaranmış vəziyyətlə bağlı tövsiyələr verilib.

Müzakirələr zamanı pandemiya ilə əlaqədar Səfirliyin xüsusi rejimdə fəaliyyət göstərməsi haqqında məlumat verilib. ABŞ-da yaşayan, burada təhsil alan, müvəqqəti səyahətdə olan vətəndaşlarımızın COVİD-19 pandemiyası ilə əlaqədar sualları yaranacağı təqdirdə 24/7 rejimində fəaliyyət göstərən Səfirliyin qaynar xətt nömrələri izləyiçilərin diqqətinə bir daha çatdırılıb.

Bundan əlavə, 23 mart tarixində Azərbaycan Hava Yolları QSC tərəfindən Bakı-Nyu York uçuş reysi müvəqqəti olaraq dayandırıldığı barəsində məlumat verilib, səfərlərə getməyin sağlamlığa ciddi risk yaratdığı xatırladılıb və bu xüsusda mümkün risklərdən qorunmaq üçün vətəndaşlarımıza xarici səfərlərdən çəkinməyi və yerli karantin qaydalarına ciddi şəkildə riayət etmələri tövsiyə edilib.

Bundan əlavə, çıxışlar zamanı qeyd olunub ki, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən koronavirus infeksiyasının (COVİD-19) pandemiya elan olunduğunu nəzərə alaraq, Azərbaycan Respublikası ərazisində virusun yayılmasının qarşısını almaq məqsədilə 12 mart tarixindən etibarən “ASAN Viza” elektron sistemi vasitəsilə 45 gün müddətinə vizaların rəsmiləşdirilməsi dayandırılıb.

Belə ki, AR Nazirlər Kabinetinin qərarına əsasən, Azərbaycan Respublikasına səfər etmək istəyən xarici ölkə vətəndaşlarının viza rəsmiləşdirilməsi üçün Azərbaycan Respublikasının müvafiq səfirlik və baş konsulluqlarına müraciət etmələri xahiş olunub. Əcnəbilərin viza rəsmiləşdirilməsinə müraciət etdikdə onlardan COVİD-19 testindən keçmələri barədə tibbi arayışın tələb olunacağı qeyd edilib.

Vebinar zamanı, ABŞ-da yaşayan soydaşlarımıza ABŞ-a səfərləri zamanı bu ölkədə qalma müddətininin müəyyən edilmə qaydaları və bu müddətin onların özləri tərəfindən yoxlanılma üsulları barədə də məlumat verilib.

Daha sonra səfirlik əməkdaşları canlı yayıma qoşulan izləyicilər tərəfindən ünvanlanan suallara ətraflı cavablar verib. Bir daha, ABŞ-da fövqəladə vəziyyət elan olunduğunu nəzərə alaraq, ABŞ-da yaşayan Azərbaycan Respublikası vətəndaşlarından müvafiq konsulluq bölmələrində qeydiyyata düşmələri xahiş olunub. Belə ki, bu qeydiyyat təcili məsələlər də daxil olmaqla daha səmərəli konsulluq xidmətlərinin göstərilməsi və vacib informasiyaların əldə edilməsi üçün nəzərdə tutulub.

ABŞ-Azərbaycan Ticarət Palatası və ölkəmizin ABŞ-dakı Səfirliyi birgə şəkildə COVİD-19 böhranı dövründə belə vebinarların həftəlik əsaslarda keçirilməsini nəzərdə tutur.

Ətraflı məlumat üçün linkə daxil ola bilərsiniz.

Azvision.az

Teqlər: ABŞ