SMS-icazə: Necə davranmalıyıq? – VİDEO

  04 Aprel 2020    Oxunub : 13665
 SMS-icazə: Necə davranmalıyıq? – VİDEO
Sabahdan Azərbaycanda karantin rejiminin gücləndirilməsi məqsədilə əhalinin evdən çıxması üçün sms-icazə sistemi tətbiq olunacaq. Bu, bütün əhalinin məsuliyyətini artırmaq və karantin rejiminin daha yaxşı icrasını təmin etmək üçündür.
Hər şeydən əvvəl, başa düşməliyik ki, SMS-icazə qurulmaq və düzgün işini təmin etmək baxımından texniki olaraq, çox çətin sistemdir. İcaze.e-gov.az qısa zaman ərzində - praktik olaraq, 2-3 günə hazırlanıb. Halbuki, belə sistem normalda həftələr, aylar ərzində qurulur. Azərbaycanda bu işin təcili surətdə həyata keçirilməsi əhalinin daha yaxşı qorunmasını təmin etmək məqsədi daşıyır. Əhali də öz növbəsində, ondan düzgün istifadə etməlidir.

Anlamalıyıq ki, sms-icazə sistemilə zarafat etmək, onu artıq yükləməyə çalışmaq olmaz. İndiki məqamda bu, birbaşa cəmiyyətin sağlımlığına təhlükə yaratmaq anlamına gəlir və konkret cinayət əməlidir.
Sistemin “çökəcəyi” haqda fərqi yoxdur, ciddi, ya zarafatla “proqnozlar” vermək də eyni dərəcədə məsuliyyətsiz və təhlükəli əməl sayıla bilər. Hər kəs anlamalıdır: Məsələ çox ciddidir.

Əksinə, çalışıb, başqa insanların da sistemdən düzgün istifadə etmələri üçün onlara yardım göstərmək, başa salmaq, maarifləndirmə aparmaq lazımdır. Bununla həm vətəndaşlarımıza, həm də sistemin düzgün işləməsinə kömək etmiş olacaqsınız.
Bu, heç də kiçik kömək deyil – indiki məsuliyyətli dövrdə, ümumiyyətlə, köməyin də, əngəlin də böyüyü-kiçiyi yoxdur. Öz təcrübəmizi paylaşmaqla, təbliğ etməklə biz yaxşı örnək göstərmiş olarıq.



Teqlər: Karantin   SMS-icazə