“Bəzi məhsulların qiyməti ucuzlaşıb” - Nazirlik rəsmisi

   “Bəzi məhsulların qiyməti ucuzlaşıb” -    Nazirlik rəsmisi
  06 Aprel 2020    Oxunub:2874
Kənd Təsərrüfatı Nazirliyi heç bir kənd təsərrüfatı məhsulunun qiymətinin müəyyənləşməsində iştirak etmir. Aqrar Tədqiqatlar Mərkəzi bazarda qiymətlərin dinamikası ilə bağlı araşdırma aparır. Hazırda bir sıra kənd təsərrüfatı məhsullarının qiymətində ucuzlaşma müşahidə olunur.
Bunu Azvision.az -a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Vüqar Hüseynov deyib.

Onun sözlərinə görə, son üç gündə Azərbaycanda pomidorun 1 kiloqramının qiyməti 1 manat 50 qəpiyə düşüb: "Ucuzlaşmaya həm ölkə daxilində, həm də ölkə xaricində pomidora tələbatın azalması və bolluq yaranması səbəb olub. Hazırda Azərbaycanda pomidor mövsümü deyil, məhsul yalnız istixana şəraitində yetişdirilir. İndiyə qədər pomidor əsasən Rusiya, Ukrayna və Belarusa ixrac edilirdi. Amma bu ölkələrdə koronavirus pandemiyası ilə əlaqədar tətbiq edilmiş karantin rejimi pomidora tələbatı azaldıb. İndi xüsusilə Rusiyaya pomidor ixrac etmək sərfəli deyil, odur ki, yerli sahibkarlar məhsulu daxili bazara yönəldiblər və bolluq yaranıb".

Kartof və soğanın qiymətinə gəlincə, nazirlik rəsmisi deyib ki, bu həftə Bərdədə, gələn həftə isə Ağdam və Beyləqanda faraş soğanın kütləvi yığımına başlanacaq. "Sahələrdə məhsul kifayət qədər boldur. Yeni məhsulun bazara çıxarılmasının qiymətlərin ucuzlaşmasına səbəb olacağını düşünürük. Eynilə yeni kartofun yığılması da mövcud qiymətlərin ucuzlaşmasına səbəb olacaq. Çünki indiki halda yığılan məhsul hələlik daxili bazarda realizə olunur. Bazarda təklifin artması qiymətlərə təsir göstərir".

Aytən Zəhra
Azvision.az


Teqlər: Məhsul   Nazirlik  





Xəbər lenti