Əfv olunanlar iki həftəlik istirahət mərkəzinə yerləşdirilib

  07 Aprel 2020    Oxunub : 2271
 Əfv olunanlar iki həftəlik istirahət mərkəzinə yerləşdirilib
Dünyada koronavirus (COVID-19) infeksiyasının yayılması ilə əlaqədar ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə əhalinin sağlamlığının qorunması, qlobal pandemiyanın yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə zəruri preventiv tədbirlər müəyyən edilib, bu məqsədlə xüsusi karantin rejimi elan olunub, virusa yoluxması daha riskli olan yaşı 65-dən yuxarı vətəndaşların sosial izolyasiyasına xüsusi diqqət yetirilib.
Bu barədə Azvision.az-a Ədliyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, görülən tədbirlər çərçivəsində ölkə Prezidentinin 06.04.2020-ci il tarixli Əfv Sərəncamı ilə yaşı 65-dən yuxarı olan 176 nəfər məhkum cəzalarının çəkilməmiş hissəsindən azad olunub.

“İndiki pandemiya şəraitində virusa yoluxması daha ağır nəticələnə bilən həmin şəxslərin azadlığa buraxılması onların həyatlarının təhlükəsizliyi və sağlamlıqlarının qorunması, xüsusilə ailə qayğısı ilə əhatə olunmaları baxımından mühüm humanist addımdır. Ölkə ictimaiyyəti tərəfindən rəğbətlə qarşılanan bu Sərəncamın təxirə salınmadan icrası məqsədilə Ədliyyə Nazirliyinin, o cümlədən Penitensiar xidmətin aidiyyəti məsul işçiləri azad olunan məhkumların saxlanıldığı cəzaçəkmə müəssisələrində olub, operativ zəruri sənədləşdirmə işləri aparılaraq çoxsaylı KİV və ictimaiyyət nümayəndələrinin iştirakı ilə bu humanist qərarın vaxtında və tam icrası təmin edilib”, - deyə məlumatda bildirilib.

Həmçinin qeyd olunub ki, məhkumların təhlükəsizliyi və sağlamlıqları diqqətdə saxlanılaraq, penitensiar müəssisələrdə ardıcıl, kompleks tibbi-profilaktik tədbirlər görülür, məhkumların gündəlik termometriyası, səhhətlərində hər hansı problemi olan şəxslərin dərhal müayinəsi keçirilir və zəruri müalicəsi aparılır:

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına əsasən, pandemiyanın respublikamızın müxtəlif bölgələrində yayılmasının müşahidə olunması və əfv edilən şəxslərin yaşayış yerlərinin 40-dək rayonu əhatə etməsi nəzərə alınaraq, onlar doğmalarının yanına getməzdən əvvəl ailə üzvlərinin də sağlamlıq durumu araşdırılacaq. Bu məqsədlə azad olunan şəxslər iki həftəlik istirahət mərkəzlərinin birinə yerləşdirilib və hər cür şəraitlə, o cümlədən qida və tibbi təminatla təchiz olunublar.

Əfv olunanlar mərhəmətliyinə, insanpərvərliyinə və onlara göstərilən xüsusi qayğıya görə ölkə Prezidentinə minnətdarlıqlarını ifadə edib, dövlət başçısının iradəsi ilə həyata keçirilən qəti tədbirlər nəticəsində xalqımızın bu ümumbəşəri sosial bəladan tezliklə qurtulacağına əminliyini bildiriblər.

Eyni zamanda, dövlətimizin humanist siyasətinin daha bir təzahürü olan məhkumları cəzadan şərti olaraq vaxtından əvvəl azadetmə və daha yüngül rejimli müəssisəyə keçirmə institutunun tətbiqi üzrə tədbirlər davam etdirilir. Bu sahədə şəffaflığın və operativliyin təmin edilməsi məqsədilə yaradılmış Ədliyyə Nazirliyinin müvafiq Komissiyasının rəyi nəzərə alınmaqla məhkəmələrə təqdim olunmuş materiallara təxirəsalınmadan baxılıb və son günlərdə daha 60-a yaxın məhkum vaxtından əvvəl azad olunub”.

Azvision.az

Teqlər: Ədliyyə-Nazirliyi