Koreyadakı azərbaycanlılar diqqətdə saxlanılır - Səfirlik

 Koreyadakı azərbaycanlılar diqqətdə saxlanılır -  Səfirlik
  08 Aprel 2020    Oxunub:2489
Azərbaycan Respublikasının Koreya Respublikasındakı səfirliyi yeni növ koronavirus (COVID-19) pandemiyası ilə bağlı vəziyyəti diqqətlə izləyir. Səfirlik fevralda COVID-19 virusunun ölkədə yayıldığı ilk günlərdən etibarən Koreyanın və Azərbaycanın aidiyyəti dövlət qurumları ilə daimi əsasda məsləhətləşmələr aparır.
Səfirlikdən Azvision.az -a verilən məlumata görə, Koreya Respublikası ərazisində koronavirusun yayılması qismən nəzarətə götürülsə də, virusun yayılması hələ də davam etməkdədir. Bu ölkədə yaşayan və təhsil alan həmvətənlərimizin problemlərinin həllinə dəstək məqsədilə səfirlikdə operativ qaydada 24 saat fəaliyyət göstərən “qaynar xətt” fəaliyyət göstərir. “Qaynar xətt”ə vətəndaşlarımız tərəfindən daxil olan müxtəlif məzmunlu müraciətlər aidiyyəti üzrə cavablandırılır. Habelə ötən müddətdə vətəndaşların konsulluq xidmətləri ilə bağlı məsələlər, onların təhsil, yaşayış və qeydiyyat problemlərinin həlli istiqamətində iş aparılıb.

Hazırda 70-dən çox vətəndaşımız səfirlikdə qeydiyyatdadır. Onlarla sosial şəbəkə, elektron poçt və telefon rabitəsi vasitəsilə məlumatlandırma, həmçinin vətəndaşların sorğularını cavablandırma işləri həyata keçirilir. Həmçinin Koreya ərazisində geniş istifadəçiyə malik olan "Kakaotalk" messencerində həmvətənlərimizdən ibarət qrupda mütəmadi olaraq məlumatlandırma işləri aparılır.

Cənubi Koreyada təhsil alan vətəndaşlarımız təhsillərini onlayn qaydada davam etdirirlər. Bu ölkədə əmək fəaliyyəti ilə məşğul olun həmvətənlərimizin bir qismi aparıcı şirkətlərində fəaliyyət göstərir və səfirlikdə olan məlumata görə onların bəziləri əmək fəaliyyətlərini onlayn həyata keçirirlər.

Vətəndaşlarımızın sağlamlığında problem yaranacağı və tibb müəssisələrinə müraciət etdikləri təqdirdə bu barədə dərhal səfirliyə məlumat vermələri tövsiyə edilib. COVID-19 infeksiyasına vətəndaşlarımız arasında yoluxmanın qarşısının alınması məqsədilə onlardan Ümumdünya Səhiyyə Təşkilatının və Koreyanın rəsmi qurumlarının təlimat və tövsiyələrinə əməl etmələri xahiş olunub.

Azvision.az


Teqlər: Koreya  





Xəbər lenti