Xanlar Vəliyev yenidən Hərbi prokuror təyin edildi

  09 Aprel 2020    Oxunub : 4647
 Xanlar Vəliyev yenidən Hərbi prokuror təyin edildi
Xanlar Vəliyev yenidən Azərbaycan Respublikasının Hərbi prokuroru vəzifəsinə təyin edilib.
Faktı Azvision.az -a Hərbi Prokurorluğunun Mətbuat Xidmətindən təsdiq ediblər.

Xanlar Vəliyev kimdir?

Vəliyev Xanlar Rüstəm oğlu Bakı Dövlət Universitetinin hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirdikdən sonra prokurorluq orqanlarına təyinat alaraq, müxtəlif məsul vəzifələrdə, o cümlədən Azərbaycan Respublikası Baş prokurorunun müavini vəzifəsində qulluq keçib.

Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2005-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Baş prokurorunun müavini - Azərbaycan Respublikasının Hərbi prokuroru vəzifəsinə təyin edilib və hazıradək həmin vəzifədə qulluğunu davam etdirir.

Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2008-ci il tarixli Sərəncamı ilə “Azərbaycan bayrağı” ordeni, 28 sentyabr 2018-ci il tarixli Sərəncamı ilə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Hərbi xidmətlərə görə” medal və digər medallarla təltif edilib.

Azərbaycan Respublikası Prezidentinin 18 mart 2015-ci il tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasının əməkdar hüquqşünası" fəxri adına layiq görülüb.

Prokurorluğun fəxri işçisi X.R.Vəliyev ədliyyə general-leytenantı hərbi rütbəsindədir. Hüquq üzrə fəlsəfə doktorudur. O, müxtəlif məzmunlu məqalələrin, elmi əsərlərin, monoqrafiyaların, kitabların və dərs vəsaitlərinin müəllifidir.

Müşahidələr qəti əminliklə onu deməyə əsas verir ki, Hərbi Prokuror Xanlar Vəliyevin rəhbərliyi ilə Hərbi Prokurorluğun kollektivi Ulu Öndər Heydər Əliyevin millətimizin və dövlətimizin maraqlarına xidmət edən müdrik siyasətinin Möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən zamanın tələblərinə uyğun uğurla davam etdirilməsində, ölkədə görülən böyük işlərdə və həyata keçirilən mütərəqqi islahatlarda yaxından iştirak edərək, dövlət müstəqilliyinin, ictimai-siyasi sabitliyin, əmin-amanlığın qorunması, qanunun aliliyinin təmin edilməsi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi, Silahlı Qüvvələrdə hərbi intizamın, qanunçuluğun və hüquq qaydasının daha da möhkəmləndirilməsi istiqamətindəki fəaliyyətinin səmərəliliyini daim artırmış, cinayətkarlığa və digər qanun pozuntularına, eləcə də dövlətimizin daha da qüdrətlənməsinə xələl gətirə biləcək hallara qarşı mübarizədə barışmaz mövqe tutaraq üzərinə düşən bütün vəzifələri ləyaqətlə yerinə yetirib.

Ədliyyə general-leytenantı X.R.Vəliyevi yeni təyinat münasibəti ilə ürəkdən təbrik etməklə, ona və rəhbərlik etdiyi kollektivə uğurlar diləyirik.

Azvision.az

Teqlər: Xanlar-Vəliyev