Kustar üsulla hazırlanan maskalar virusdan qoruyurmu? - AÇIQLAMA

  10 Aprel 2020    Oxunub : 7593
 Kustar üsulla hazırlanan maskalar virusdan qoruyurmu? - AÇIQLAMA
Kustar üsulla hazırlanan maskaların qoruma qabiliyyəti zəifdir. Onlar yuyulub istifadə olunmamalıdır.

Bunu Azvision.az -a açıqlamasında Azərbaycanın baş infeksionisti Cəlal İsayev deyib. Onun sözlərinə görə, tibbi maskalar bir dəfə istifadə olunduqdan sonra atılmalıdır.
“Ev şəraitində müxtəlif parçalardan hazırlanan maskalar standarta uyğun deyil. Onların virus damcılarını keçirmək ehtimalı daha çoxdur. Ölkədə maska ilə bağlı problem yoxdur. Özümüz də maska istehsal edirik, Çin bizə kifayət qədər maska göndərib. Ölkəmizdə 5 milyondan artıq maska ehtiyatı var. Yaxşı olardı ki, insanlar standarta uyğun maskalardan istifadə etsinlər”.

Türkiyənin yoluxucu xəstəliklər və mikrobiologiya üzrə mütəxəssisi Neşat Bozkurtgilin sözlərinə görə, parça maskaların insanları virusdan qorumaq ehtimalı azdır.

“Bu, parçanın keyfiyyətinə, məsamələrinə və keçiriciliyinə görə dəyişir. Belə parçalar 60 və daha yüksək dərəcədə yuyucu vasitə ilə yuyulmalıdır. Yuyulduqdan sonra yaxşı qurudulmalı və nəm istifadə edilməməlidir. Fenlə də qurudula bilər. Bu maskalar bir neçə dəfə istifadədən sonra deformasiyaya uğrayır və əvvəlki kimi effektiv olmaya bilər”.

Aytən Zəhra
Azvision.az

Teqlər: Maska