Karantin rejimini pozan 154 nəfər həbs edilib

  10 Aprel 2020    Oxunub : 1662
 Karantin rejimini pozan 154 nəfər həbs edilib
Son vaxtlar bir sıra kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə polisin respublikada tətbiq olunan xüsusi karantin rejimi çərçivəsində müxalifət nümayəndələrini guya təqib etməsi, barələrində qanunsuz olaraq hüquqi məsuliyyət tədbirləri görməsinə dair məlumatlar yayılır.
Bu barədə Azvision.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, obyektivlikdən kənar olan həmin iddiaların heç bir əsası yoxdur və bu cür qərəzli fikirlər cəmiyyəti çaşdırmaq məqsədi güdən dezinformasiyadan başqa bir şey deyildir. Xüsusi karantin rejiminin tələblərinə riayət olunmasına nəzarət həvalə edilmiş polis, müvafiq sahədə üzərinə düşən vəzifələrlə bərabər cinayətkarlığa qarşı mübarizə, asayişin və təhlükəsizliyin təmini kimi gündəlik funksiyalarının icrasını da həyata keçirir.

Koronavirus pandemiyasının qarşısının alınmasına dair hökumət tərəfindən xüsusi Tədbirlər Planının icrasına başlanıldığı vaxtdan, polis, ölkəyə quru və hava yolları ilə gəlmiş infeksiyaya yoluxmaqda şübhəli şəxslərin müalicə-profilaktika müəssisələrinə təxliyəsi zamanı yüzlərlə təcili tibbi yardım avtomobilini, qonşu dövlətlərə gedən 5.200-dən çox yük nəqliyyat vasitəsini müşayiət edib.

Qeyd olunub ki, virusa yoluxanların hospitalizasiya edildiyi və yoluxmaları ehtimal olunan şəxslərin karantinə yerləşdirildiyi 51 obyekti bu gün də sutkalıq mühafizə edir. Şəxslərin və nəqliyyatın şəhərlərarası və rayonlararası hərəkətinin məhdudlaşdırılması məqsədilə 733 postda, ictimai yerlərdə, küçə və prospektlərdə xidmət aparır. Təkcə cari ilin mart ayı ərzində xüsusi karantin rejiminin tələblərinin pozulması faktlarına görə 5 cinayət işi üzrə 11 nəfər məsuliyyətə cəlb olunub, 154 nəfər inzibati qaydada həbs edilib, 33 minə yaxın şəxs barəsində digər tənbeh tədbirləri görülmüb. Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna qanunsuz daxil olmağa cəhd edən 22 min avtomobil geri qaytarılıb.

Bütün bunlara paralel olaraq polis özünün qanunla müəyyən edilmiş cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi ilə bağlı fəaliyyətini də davam etdirir. Son bir ayda qeydə alınmış 1186 cinayətin böyük əksəriyyəti açılıb, 1860 nəfər məsuliyyətə cəlb edilmiş, axtarışda olan 485 şəxs tutulub, 106 cinayətkar qrup zərərsizləşdirilib. Qanunsuz dövriyyədən 260 kiloqram narkotik vasitə çıxarılaraq bu əməllərə görə 353 nəfər məhkəmə məsuliyyətinə verilib.

Müxalifət nümayəndələrinin təqib edilməsi iddiasına gəldikdə isə qeyd olunmalıdır ki, əqidəsindən, siyasi partiyalara, ictimai birliklərə mənsubiyyətindən və digər hallardan asılı olmayaraq cinayət yaxud inzibati xəta törətmiş istənilən şəxs qanun qarşısında bərabərdir və yol verdiyi hüquqazidd əmələ görə də cavabdehlik daşıyır.

Diqqətə çatdırılıb ki, polisin həyata keçirdiyi tədbirlər cəmiyyətin dinc həyatının, hər bir vətəndaşın sağlamlığının, hüquqlarının, azadlıqlarının və qanuni mənafelərinin cinayətkar qəsdlərdən qorunmasına xidmət edir.

Azvision.az

Teqlər: DİN   Cinayət   Karantin