“Əlbəttə ki, koronovirusla savaşda qalib gələcəyik” - Ərdoğan

   “Əlbəttə ki, koronovirusla savaşda qalib gələcəyik” -    Ərdoğan
  11 Aprel 2020    Oxunub:3398
Azərbaycan və Qazaxıstan türk nəqliyyatçıları üçün mühüm bir tranzit marşruta çevrilib.
Azvision.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan aprelin 10-da Türk Şurasının videokonfrans vasitəsilə keçirilən fövqəladə Zirvə görüşündə deyib.

Ərdoğan çıxışında bildirib: "Dəyərli qardaşım, Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürümü bildirirəm. Bütün bəşəriyyət indi görünməz bir düşmənə qarşı çətin müharibə aparır. Türk Şurasının bu fövqəladə Zirvə görüşü koronavirus pandemiyası ilə mübarizəmizdə aramızdakı həmrəyliyi möhkəmləndirəcək. Türk dünyası olaraq Allahın izni ilə bu çətin dövrdən də güclənərək çıxacağımıza səmimi qəlbdən inanıram".

Türkiyə Prezidenti koronovirus pandemiyası ilə əlaqədar ölkəsində həyata keçirilən tədbirlərdən danışıb. Qeyd edib ki, bu çətin günlərdə Türkiyə öz qardaşlarının yanında olmağa, onlara yardım etməyə çalışır. Bu baxımdan Türk Şurası üzvləri arasında da həmrəyliyin nümayiş etdirilməsi məmnunluq doğurur.

Ərdoğan, həmçinin pandemiyanın dünya iqtisadiyyatına mənfi təsirindən söz açıb, onun fəsadlarının azaldılmasının, həmçinin ölkələrimiz arasında əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayaraq deyib:

"Türkiyə ilə Azərbaycan və Gürcüstan arasında yük daşımaları üçün istifadə edilən dəmir yolu xəttini Orta Asiyayadək uzada bilərik. Bakı-Tbilisi-Qars dəmir yolu xətti vasitəsilə mövcud yükə əlavə olaraq gündəlik 3500 ton yükün daşına bilməsi üçün işlər görürük. Bağlanan quru yollar ilə əlaqədar Azərbaycan və Qazaxıstan türk nəqliyyatçıları üçün mühüm bir tranzit marşruta çevrilib".

“Əlbəttə ki, koronovirusla savaşda qalib gələcəyik, bunun ardınca yeni dünya reallığı ilə üz-üzə qalacağıq”, - deyən Türkiyə Prezidenti pandemiyadan sonrakı dövr üçün də hazırlıqların görülməsinin əhəmiyyətinə toxunub.

Azvision.az


Teqlər: Türkiyə   Ərdoğan  





Xəbər lenti