Berdiməhəmmədov: “Bu çətin anları birgə dəf edəcəyik”

     Berdiməhəmmədov:    “Bu çətin anları birgə dəf edəcəyik”
  11 Aprel 2020    Oxunub:2944
Türkmənistan və Azərbaycanın koordinasiya olunmuş addımları hesabına Türkmənbaşı və Bakı limanları arasında gəmi əlaqəsi davam edir.
Azvision.az xəbər verir ki, bunu Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov aprelin 10-da Türk Şurasının videokonfrans vasitəsilə keçirilən fövqəladə Zirvə görüşündə deyib.

Türkmənistan Prezidenti çıxışında bildirib: "Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyevə bu sammitin təşkili ilə bağlı irəli sürdüyü təşəbbüsə görə dərin minnətdarlığımı bildirirəm. Bu görüş bizə bütün dünya ölkələrinə aid olan qlobal xarakterli məsələləri müzakirə etməyə yaxşı imkan verir. Aydındır ki, bu gün bəşəriyyət geniş coğrafi sahəni əhatə edən ciddi çağırışla üzləşib".

Hazırkı vəziyyətin bir çox dövlətlərə və xalqların həyatına mənfi təsir göstərdiyini deyən Türkmənistan Prezidenti dünyanı bürümüş bu təhdidə qarşı mübarizədə koordinasiyalı addımların, həmçinin xalqlarımızın humanizm, qarşılıqlı dəstək və həmrəylik nümayiş etdirməsinin əhəmiyyətinə toxunub.

Qurbanqulu Berdiməhəmmədov Türkmənistanda koronavirusla mübarizə istiqamətində görülən işlərdən danışıb. Bu vəziyyətdə ticari-iqtisadi əlaqələrin dayanıqlılığının təmin olunmasının və nəqliyyat əlaqəsinin fəaliyyətinin vacibliyini vurğulayan Prezident Qurbanqulu Berdiməhəmmədov deyib:

"Qeyd etmək istəyirəm ki, Türkmənistan və Azərbaycanın koordinasiya olunmuş addımları hesabına Xəzər dənizində Türkmənbaşı və Bakı limanları arasında gəmi əlaqəsi davam edir. Bu, böyük geoiqtisadi məkanda yük daşımaları baxımından çox vacib nəqliyyat dəhlizidir. Regional tərəfdaşlarla birgə fəaliyyət nəticəsində Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin normal fəaliyyəti təmin edilib".

“Biz ümumi tarixi olan qardaş ölkələr kimi malik olduğumuz yüksək mənəvi və sosial dəyərləri tam göstərməliyik”, - deyən Türkmənistan Prezidenti bu çətin anların birgə dəf ediləcəyinə, ölkələrimiz arasında əməkdaşlıq və qardaşlıq əlaqələrinin daha da möhkəmlənəcəyinə əminliyini vurğulayıb.

Azvision.az


Teqlər: QurbanquluBerdiməhəmmədov  





Xəbər lenti