Türkiyəli alimlər ASAN-da

Türkiyəli alimlər ASAN-da
  15 Mart 2013    Oxunub:756
14 mart 2013-cü il tarixində Türkiyə və Orta Şərq Dövlət İdarəçilik İnstitutunun (TODAİE) rektoru Eyyub İşbirin başçılıq etdiyi türkiyəli professor-müəllimlərdən ibarət nümayəndə heyəti Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və onun tabeliyində olan 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olublar.
Görüş zamanı Dövlət Agentliyinin sədri İnam Kərimov “ASAN xidmət” mərkəzlərinin yaradılması, məqsədləri, həyata keçirdiyi xidmət növləri, həmçinin gələcək planlar barədə geniş məlumat verib. O, bildirib ki, bu konsepsiya vətəndaşlara dövlət orqanları tərəfindən göstərilən xidmətlərin daha çevik, keyfiyyətli və yeni üslubda, müasir innovasiyalar tətbiq edilməklə göstərilməsini nəzərdə tutur. “ASAN” xidmət dövlət qulluqçularının fəaliyyətində əhaliyə münasibətdə vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində yeni yanaşmanın formalaşdırılmasını, ölkədə dövlət qulluqçusu - vətəndaş münasibətlərinin keyfiyyətcə yeni müstəviyə keçməsini təmin etmək məqsədilə yaradılıb.
Qonaqlar iki qardaş dövlət arasında həyata keçirilən uğurlu əməkdaşlıqdan bəhs edərək yeni yaradılmış və mühüm məsələlərlə məşğul olacaq Dövlət Agentliyinin bu əməkdaşlıqda xüsusi yer tutacağına ümid etdiklərini bildiriblər. “ASAN xidmət” mərkəzində yaradılmış şərait və iş prinsipi ilə tanış olmuş qonaqlar əməkdaşların peşəkar yanaşmasını yüksək qiymətləndiriblər. Görüşdə həmçinin Dövlət Agentliyinin elmi potensialının inkişafı ilə bağlı birgə layihələrin həyata keçirilməsinə dair geniş fikir mübadiləsi aparılıb.


Teqlər:  





Xəbər lenti