"Qarabağa yük daşınması xəbəri doğru deyil" - İran səfirliyindən təkzib

   "Qarabağa yük daşınması xəbəri doğru deyil" -    İran səfirliyindən təkzib
  13 Aprel 2020    Oxunub:3056
İran tərəfi yerli mətbuatda bu ölkəyə məxsus yük avtomobillərinin işğal altındakı Azərbaycan ərazilərinə yanacaq və ərzaq daşımalarını nümayiş etdirən video ilə bağlı yayılan xəbərləri təkzib edib.
Azvision.az xəbər verir ki, bu barədə İranın Bakıdakı səfirliyi məlumat yayıb.

"Tehran-Bakı əlaqələrinin hərtərəfli və geniş inkişafı astanasında düşmənlərimiz və əlaqələrimizin inkişafını istəməyən qüvvələr bu inkişaf prosesinin qarşısını almaq məqsədilə saxta video yayaraq, iki ölkə arasında mövcud olan yaxşı qonşuluq əlaqələrinə kölgə salmağa çalışırlar.

Azərbaycan xalqının diqqətinə çatdırırıq ki, İran İslam Respublikası Azərbaycanın işğal olunmuş əraziləri ilə heç bir quru və hava gediş-gəlişinə malik deyil", - deyə səfirlik bəyan edib.

Məlumatda qeyd olunub ki: ermənilər keçən illər ərzində də bir video və ya selfi ilə iki ölkə arasında mövcud əlaqələri korlamağa çalışıblar.

"Göründüyü kimi, sözügedən saxta videoda yer və zaman məlum deyil və xəbər tamamilə saxtadır. Azərbaycan KİV-lərindən gözləntimiz budur ki, hər hansı bir xəbəri yaymazdan öncə bu xəbərin doğruluğunu dəqiqləşdirsinlər və etibarlı mənbələr olmadan xəbər yaymaqdan çəkinsinlər".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: İran   Azərbaycan  





Xəbər lenti