“Həyat davam edir, insanlar gələcəyə ümidlə baxmalıdırlar”

“Həyat davam edir, insanlar gələcəyə ümidlə baxmalıdırlar”
  14 Aprel 2020    Oxunub:2213
Dünya koronavirusla mübarizəni davam etdirir. Bu, heç də asan deyil. Bəzi ölkələrdə koronavirusun yayılması azalır, bəzilərində isə əksinə artır. Təəssüf ki, bu mübarizədə bəzi qüsurlar da ortaya çıxdı, tibbi ləvazimatlar oğurlandı, qarşılıqlı ittihamlar çoxaldı və sair.
Azvision.az xəbər verir ki, bunu Milli Məclis Sədrinin müavini Adil Əliyev deyib.

Onun sözlərinə görə, Azərbaycan dövləti hər zaman olduğu kimi, bu dəfə də müsbət nümunələrlə yadda qaldı. Bəzi ölkələrə tibbi ləvazimatlar göndərildi, qonşu İrana təxminən 5 milyon ABŞ dolları məbləğində yardım edildi. Türk Şurasına üzv dövlətlərin videokonfransının keçirilməsi təşəbbüsü də Azərbaycan Prezidenti İlham Əliyevə məxsus idi. Bu da müsbət nümunə idi.

İndiki durumda ölkə liderlərinin müzakirələri davam etdirmələrinin və yardımlaşmaya hazır olmalarının həmin dövlətlərdə yaşayan insanlar üçün psixoloji baxımdan çox vacib olduğunu qeyd edən Milli Məclis Sədrinin müavini deyib: “Pandemiya bitəcək, hansı dövlətin özünü necə aparması isə yaddaşlara həkk olunacaq. Həyat davam edir, insanlar gələcəyə ümidlə baxmalıdırlar. Koronavirusla mübarizə ilə yanaşı, gündəlik məsələlər də həll olunmalıdır, yollar çəkilməli, təsərrüfatlarda toxum səpinləri aparılmalı, zəruri inşaat işləri davam etdirilməlidir. Bu mənada Azərbaycan dövləti həm koronavirusla mübarizəni uğurla davam etdirir, həm insanları yoluxmadan qorumaq üçün tədbirlərini gücləndirir, eyni zamanda, iqtisadiyyatı ayaqda tutur, sosial problemlərin həlli ilə məşğuldur. Təsadüfi deyil ki, dövlətimizin başçısının rayon və qəsəbələrin problemlərinin həllinə yönələn qərarlarının arası kəsilmir”.

A.Əliyev diqqətə çatdırıb ki, Ulu Öndərin şərəfli adını daşıyan Heydər Əliyev Mərkəzi də koronavirusla mübarizədə ön cərgədədir. Mərkəzin əməkdaşları həm insanlara yardım edir, həm qanvermə aksiyalarına qatılır, həm də koronavurisla üzləşən dövlətlərə mənəvi dəstəklərini nümayiş etdirirlər. Aprelin 3-dən başlayaraq hər gün virusdan zərərçəkən bir dövlətin bayrağı həmin ölkənin musiqisinin sədaları altında Mərkəzin binası üzərinə videoproyeksiya olunur. Bununla Heydər Əliyev Mərkəzi koronavirusun geniş yayıldığı dövlətlərə və onların xalqlarına dəstəyini, hörmət və ehtiramını ifadə edir. İndiyədək koronavirusun geniş yayıldığı Çin, Fransa, Almaniya, Türkiyə, İran, İtaliya, Rusiya və İspaniyanın bayraqları Mərkəz binasının üzərində nümayiş etdirilib.

Aprelin 11-də Heydər Əliyev Mərkəzinin binası üzərinə Türkiyə Respublikasının bayrağı bu ölkənin musiqisinin müşayiəti ilə videoproyeksiya olundu. Türkiyə mətbuatı bu hadisəni geniş işıqlandırdı. Qardaş ölkənin Xarici İşlər naziri Mövlüd Çavuşoğlu sosial şəbəkədə paylaşım edərək “Tək millət, tək ürək, Türkiyə, Azәrbaycan! Birlikdə öhdəsindən gələcəyik” cümləsini yazdı. Əlbəttə, öhdəsindən gələcəyik! Türk birliyini gücləndirmək üçün bizi qarşıda hələ böyük işlər gözləyir. Azərbaycan və Türkiyə prezidentlərinin Türk Şurasının son videokonfransında çıxışlarının əsas qayəsini də məhz türkdilli dövlətlər arasında inteqrasiyanın gücləndirilməsi təşkil edirdi. Azərbaycanın Türkiyə ilə birgə reallaşdırdığı regional layihələrin Mərkəzi Asiyadakı digər qardaş ölkələrə qədər uzanması bundan xəbər verir.

“Qardaşlığın daha bir nümunəsi Türkiyənin paytaxtı Ankarada yerləşən məşhur Atakule qülləsinin Azərbaycan bayrağı ilə işıqlandırılması oldu. İşıqlandırma Türkiyə televiziyaları tərəfindən canlı nümayiş etdirildi. Heydər Əliyev Mərkəzinin binasında olduğu kimi, Atakule qülləsindəki mənzərə də möhtəşəm idi. İşıqlandırma prosesində qüllənin zirvəsində ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” ifadəsinin, onun ardınca isə “Can Azərbaycana sevgilərlə” şüarı üçrəngli bayrağımızın rəngləri fonunda hərəkətdə olması birliyimizin dönməzliyinin və həmrəyliyimizin nümunəsi idi”, - deyə Milli Məclis Sədrinin müavini vurğulayıb.

Azvision.az


Teqlər: Milli-Məclis   Adil-Əliyev  





Xəbər lenti