Masallıdakı partlayışla bağlı cinayət işi açıldı

  Masallıdakı partlayışla bağlı cinayət işi açıldı
  16 Aprel 2020    Oxunub:2598
Aprelin 16-da saat 07 radələrində Masallı rayonunun Təzə Alvadı kənd sakini İntiqam Qədiyevə məxsus fərdi evdə partlayış baş verməsi barədə məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyinin (FHN) və Baş Prokurorluğun mətbuat xidmətlərinin Azvision.az-a daxil olmuş birgə məlumatında bildirilir ki, dərhal hadisə yerinə cəlb olunan FHN-Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən operativ surətdə həyata keçirilmiş tədbirlərlə ikisi azyaşlı olmaqla üç nəfər dağıntılar altından çıxarılaraq, ümumilikdə xəsarət almış beş nəfər Bakı şəhərində yerləşən 5 saylı şəhər kliniki xəstəxanasına göndərilib.

Hadisə yerinə prokurorluq və polis əməkdaşları tərəfindən Fövqəladə Hallar və Energetika nazirliklərinin, “Azəriqaz” İstehsalat Birliyinin mütəxəssisləri, habelə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspertlərinin iştirakı ilə baxış keçirilib. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) həkimləri tərəfindən xəsarət almış şəxslərə təxirəsalınmaz tibbi yardım göstərilib.

İlkin ehtimala görə, partlayış qaz sızması nəticəsində baş verib.

Faktla bağlı Masallı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin olunub və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Zərərçəkmişlərin stasionar qaydada müalicəsi hazırda davam etdirilir.

Cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Azvision.az


Teqlər: FHN   Baş-Prokurorluq  





Xəbər lenti