Gürcüstanda qalan azərbaycanlı sürücülərə güzəşt edildi

Gürcüstanda qalan azərbaycanlı sürücülərə güzəşt edildi
  18 Aprel 2020    Oxunub:2716
Ötən həftə Gürcüstan hökuməti tərəfindən ölkə ərazisinə daxil olan xarici yük avtonəqliyyat vasitələrinin tranzit keçidinə 24 saat, yük gətirən və ya yük aparmaqla daşımaları həyata keçirən avtonəqliyyat vasitələrinin ölkə ərazisini tərk etməsi üçün 48 saatlıq limit tətbiq edilib. Həmin müddətdə ölkə ərazisini tərk etməyən xarici daşıyıcılara münasibətdə hər avtonəqliyyat vasitəsi üçün 3000 lari (təxminən 1100 ABŞ dolları) dəyərində cərimə tətbiq olunması nəzərdə tutulur.
Dövlət Avtomobil Nəqliyyatı xidmətinin rəhbəri Nuridə Allahyarova Azvision.az -a bildirib ki, bununla bağlı Gürcüstan ərazisinə yük daşımalarını həyata keçirən Azərbaycan daşıyıcıları tərəfindən onlara müraciət olunub.

"Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti olaraq Gürcüstanın Yerüstü Nəqliyyat Agentliyi ilə danışıqlara başlanıb. İzah olunub ki, Azərbaycan daşıyıcıları əsasən Gürcüstanın Poti limanından yük aparıb və oradan yük gətirdiyi üçün, bir istiqamətdə bu məsafə 500 km-dən artıq olduğundan, həmçinin yükləmə və boşaltma işlərinə də əlavə vaxt tələb olunduğundan həmin daşımalara təyin olunmuş 48 saat kifayət etmədiyindən bu müddətə Azərbaycan daşıyıcılarına münasibətdə yenidən baxılması zərurəti yaranıb.

Nəticədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi və Gürcüstanın İnfrastruktur və Dayanıqlı İnkişaf Nazirliyi ilə müzakirələrdən sonra Azərbaycanla bağlı yükdaşımalarının xüsusiyyətləri nəzərə alınaraq bu məsələyə yenidən baxılıb və göstərilən müddət 7 gün olmaqla uzadılması barədə qərar qəbul olunub. Eyni zamanda Gürcüstan ərazisində qalan yerli daşıyıcılarımıza məxsus avtonəqliyyat vasitələrinə rəsmiləşdirilmiş cərimələr ləğv edilib. Bu həssas dönəmdə Gürcüstan Hökumətinin etdiyi bu köməyə görə onlara təşəkkür edirik və daşımalar sahəsindəki əməkdaşlıqda bu cür anlayış faktorunu yüksək qiymətləndirdiyimizi xüsusi vurğulamaq istəyirik. Qeyd olunan müddətin uzadılması ilə bağlı arqumentlərimizi nəzərə alaraq qonşu dövlətin aidiyyəti qurumları tərəfindən göstərilən özəl dəstəyə görə minnətdarlığımızı bildiririk".

Azvision.az


Teqlər: DANX   Yükdaşıma  





Xəbər lenti