“Gübrənin qiyməti bahalaşmayıb, iddialar əsassızdır” - Nazirlik rəsmisi

   “Gübrənin qiyməti bahalaşmayıb, iddialar əsassızdır” -    Nazirlik rəsmisi
  18 Aprel 2020    Oxunub:3159
“Gübrənin satış qiyməti dəyişməyib, istər azot gübrəsi, istər ammofos ötən il olduğu qiymətə satılır. 2020-ci ildən subsidiyaların verilməsi mexanizmi dəyişdiyinə görə, fermerlər gübrəyə görə artıq vəsait ödədiklərini düşünürlər”.
Bunu Azvision.az -ın sorğusuna cavab olaraq Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov deyib.

O bildirib ki, 2020-ci ilədək fermerlər gübrənin dəyərinin 30 faizini nağd ödəyərək alırdılar, qiymətin qalan 70 faizini isə dövlət gübrə satan şirkətə subsidiya şəklində ödəyirdi.

"Təchizatçı şirkət gübrənin pulunun 30 faizini fermerdən, 70 faizini isə dövlətdən alırdı. Yəni fermer kisəsi 50 manata olan ammofos gübrəsinə görə 15 manat ödədiyinə görə, elə düşünürdü ki, gübrənin qiyməti 15 manatdır. Qalan 35 manatın dövlət tərəfindən təchizatçı şirkətə subsidiya şəklinəd ödənilməsi onu maraqlandırmırdı. Bu ildən subsidiya mexanizmi dəyişib. Dövlət ötən ilədək təchizatçı şirkətə ödədiyi 70 faiz subsidiyanı, indi fermerin özünə ödəyir. Bilirsiniz ki, ötən ilə qədər taxıl əkən fermerlər həm taxıl əkdiyinə, həm də əkin zamanı istifadə etdiyi motor-yanacaq yağlarına görə hektar başına 90 manat subsidiya alırdı. Bu ildən bu rəqəm 200 manat təşkil edir. Aradakı fərq dövlətin ötən ilədək şirkətə, bu ildən isə fermerə ödədiyi məbləğdir. Yəni, artıq fermer gübrənin qiymətinin 100 faizini ödəyir. Yenə əvvəlki kimi 15 manat nağd şəkildə, 35 manat isə dövlətin “Fermer kartı”na köçürdüyü əlavə məbləğ hesabına ödəniş edir”.

Nazirlik rəsmisi vurğulayıb ki, qara bazarda gübrənin şirkətlərin satdığı qiymətdən ucuz satılması da bu səbəbdən qaynaqlanır: “Ötən ilədək bəzi fermerlər dövlət güzəşti ilə 30 faiz nağd ödəniş edib aldıqları gübrəni təyinatı üzrə istifadə etmir, satmağa üstünlük verirdilər. Məsələn 50 manat qiyməti olan ammofosu 15 manat ödəniş edib dövlətdən alır, yol kənarlarında 25 manata satıb qazanc əldə edirdilər. Belə adamları həmin gübrənin qiymətinin qalan hissəsini dövlətin şirkətə ödəməsi maraqlandırmır. Yeni subsidiya mexanizmi isə belə halları aradan qaldıracaq. Yəni, fermer bu il 15 manat nağd, 35 manat isə kart hesabından terminal vasitəsilə nağdsız şəkildə ödədiyi gübrəni qara bazarda 25 manata sata bilməyəcək. Bu gün yol kənarlarında satılan gübrələr ötən ildən işbazların dövlət güzəşti ilə aldığı, lakin sata bilmədiyi gübrələrdir. Bu baxımdan fermerləri bir daha əmin edirik ki, gübrənin satış qiyməti bahalaşmayıb”.

Vüqar Hüseynov bu ildən gübrə satışı bazarının liberallaşdığını deyib: “Yeni mexanizmin tətbiqində məqsəd gübrə satışı bazarını liberallaşdırmaqdır. Artıq istənilən hüquqi və fiziki şəxs Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemindən təchizatçı kimi qeydiyyatdan keçərək gübrə satışı həyata keçirə bilər. Bu günədək EKTİS-də 90-dək gübrə təchizatçısı olan hüquqi və fiziki şəxs qeydiyyatdan keçib. Satışlar post-terminallar vasitəsilə EKTİS üzərindən aparılır. Bu sistem həm gübrə bazarında dinamikanı öyrənmək üçün datalar əldə etməyə imkan verir, həm də tələbatı düzgün müəyyənləşdirmək imkanı yaradır”.

Nazirlik rəsmisi xüsusi karantin rejimi dövründə fermerlərin gübrəyə olan tələbatını ödəmək üçün istər “Aqrolizinq” ASC, istərsə də digər təchizatçılar tərəfindən bölgələrdə səyyar satışların həyata keçirildiyini qeyd edib: “Bununla bağlı EKTİS-də qeydiyyatdan keçmiş şirkətlərə müraciət etmişik. Səyyar gübrə satışı xüsusi karantin rejiminin qaydalarına uyğun olaraq, ara məsafənin saxlanması, dezinfeksiya tədbirləri, qoruyucu vasitələrdən istifadə edilməklə həyata keçirilir. Artıq payızlıq və yazlıq əkinlərlə bağlı fermerlərin gübrəyə olan tələbatının böyük əksəriyyəti ödənilib”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Nazirlik   Gübrə  





Xəbər lenti