“Dövlət çətin günlərdə hər bir vətəndaşın yanındadır” - Arzu Nağıyev

 “Dövlət çətin günlərdə hər bir vətəndaşın yanındadır” -  Arzu Nağıyev
  18 Aprel 2020    Oxunub:3001
Koronavirus pandemiyası başlayan gündən etibarən Azərbaycan dövləti tərəfindən çox mühüm addımlar atılır.
Bunu Azvision.az -a açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev deyib. Onun sözlərinə görə, bunlar həm iqtisadi, həm sosial, eləcə də islahatların davam etdirilməsində Azərbaycan xalqının rifahı üçün atılan addımlardır.

“Əhalinin həssas hissəsinə edilən yardımın sayının 200 mindən 600 minə qaldırılması mühüm əhəmiyyət kəsb edir. Bununla bəzi pay torpaqları olan və yaxud digər müavinət alan şəxslərə də yardımlar şamil olunacaq. Demək olar ki, insanları narahat edən bütün məsələlər dövlət tərəfindən həll olunur. Yardımın iki ay müddətinə verilməsi insanların yaşayışına müsbət təsir göstərəcək. İstər kənd, istərsə də şəhərdə yaşayan insanlara veriləcək 380 (190x2) manat müəyyən qədər onların rifahının yaxşılaşdırılmasına kömək edəcək”.

Karantin müddətinin uzadılmasından danışan deputat bildirib ki, koronavirusa yoluxma hallarının tam şəkildə məhdudlaşdırılması, nəzarətə götürülməsi üçün belə addımın atılması vacibdir.

"Çünki yoluxucu və koronavirusa yoluxa bilən şəxs arasında zəncirin qırılması məhz məhdudiyyətdən keçir. Azərbaycan vətəndaşı da düzgün başa düşməli və karantin qaydalarına əməl etməlidir. Dövlətin gördüyü işlər göstərir ki, birinci sırada Azərbaycan vətədaşının sağlamlığı və rifahı gəlir. Azərbaycanda xəstəliyin yayılmasının qarşısını almaq üçün lazım olan bütün addımlar atılır. İnsanlarımız dövlətin dəstəyini hiss edirlər. Dövlət bu çətin günlərdə hər bir vətəndaşın yanındadır. Ümumilikdə başa düşmək lazımdır ki, bu ağır sınaqdan az itki ilə çıxmaq bizim qələbəmiz olacaq. İnanırıq ki, biz buna nail olacağıq”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Deputat  





Xəbər lenti