“Görülən bütün işlərdə xalqın maraqları təmin olunur” - Partiya sədri

 “Görülən bütün işlərdə xalqın maraqları təmin olunur” -  Partiya sədri
  20 Aprel 2020    Oxunub:3376
“Bu gün bütün dünya koronovirus pandemiyası ilə mübarizəyə səfərbər edilib. Azərbaycan bu prosesdə ən öndə gedən ölkələrdən biridir. Ölkəmizdə koronovirus infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə hökumət tərəfindən sistemli addımlar atılır. Xüsusi karantin rejiminin tətbiqi və müddətinin uzadılması da bu məqsədə xidmət edir”.
Bu fikirləri Azvision.az -a Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı deyib.

Onun sözlərinə görə, Nazirlər Kabinetinin təsdiq etdiyi Tədbirlər Planına əsasən 2,5 milyard manat ayrılıb ki, Azərbaycanda həm iqtisadi sabitlik təmin edilsin, məşğulluqla bağlı problemlər öz həllini tapsın, həm də makroiqtisadi və maliyyə vəziyyətimiz sabit olsun:

“Dövlətimizin başçısı qeyd edib ki, insanların sağlamlığı, təhlükəsizliyi, rahatlığı və rifahı bizim üçün hər şeydən üstündür. Cənab Prezident çıxışları zamanı vətəndaşlara müraciətində qaydalara əməl etməyə çağırır ki, biz bu ağır vəziyyətdən az itkilərlə çıxa bilək. Dövlətimizin başçısını söylədiyi kimi, biz birlikdə güclüyük. Hər bir vətəndaşımız Prezident İlham Əliyevin çağırışlarına ciddi şəkildə əməl etməlidir. Əməl olunmalıdır ki, hökumətimizin göstərdiyi səylər öz nəticəsini versin, koronovirus bəlasından tezliklə xilas ola bilək”.

Millət vəkili vurğulayıb ki, Azərbaycan dövləti və iqtidarı hər zaman olduğu kimi, bu çətin günlərdə də öz vətəndaşlarının yanındadır: “Cənab Prezident dünyanı bürümüş bu bəlaya qarşı mübarizə müstəvisində bütün sahələrdə olduğu kimi, xalqımızın həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində də ciddi addımlar atmaqdadır. Cənab Prezidentin geniş rəğbətlə qarşılanan “Başlıca vəzifəmiz xalqın sağlamlığı, təhlükəsizliyi və həyat səviyyəsinin yüksəldilməsidir” sözləri xalqın dilində aforizmə çevrilib. Bu baxımdan, ölkə prezidentinin imzalamış olduğu sərəncamlarda, atmış olduğu addımlarda xalqımızın maraqlarının təmin edilməsi ön planda dayanır. Ona görə də, koronavirusun təsirlərinin aradan qaldırılması məqsədilə ayrılmış 2,5 milyard manatın xeyli hissəsinin xalqın həyat səviyyəsini yüksəltmək üçün nəzərdə tutulması mühüm əhəmiyyət daşıyır”.

F.Ağamalı qeyd edib ki, dövlət qurumlarında işləyən 900 mindən çox vətəndaşla yanaşı digər sahələrdə çalışan soydaşlarımızın əməkhaqqının xeyli hissəsinin dövlət tərəfindən ödənilməsi üçün verilmiş tapşırıq artıq icra olunmaqdadır: “Digər tərəfdən, işsiz olan, lakin iş növbəsinə dayanan soydaşlarımızın hər birinə 190 manat verilməsi də, əlbəttə, onların sosial müdafiəsinin təmin olunmasına xidmət edən mühüm elementdir.

Ölkə miqyasında 90 mindən çox ictimai iş yerinin yaradılması haqqında Prezidentin vermiş olduğu tapşırıq və o işlərdə çalışan vətəndaşlarımızın hər birinin əməkhaqqının 250 manat həddində müəyyənləşdirilməsi də mütləq qeyd edilməlidir. Həssas ailələrdən olan 22 mindən çox tələbənin təhsil haqqının dövlət tərəfindən ödənilməsi də Azərbaycan hakimiyyətinin ölkə vətəndaşlarına qayğısının başqa bir nümunəsidir. Birmənalı olaraq, bütün məsuliyyətimlə deyə bilərəm ki, xüsusi karantin rejimi qüvvədə olduqca, xalqımız bütünlüklə dövlətimizin, Prezidentimizin diqqət və qayğısı ilə əhatə olunacaq”.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: Koronavirus   Covid-19   Deputat  





Xəbər lenti