Həmsədrlər nazirlərin görüşü ilə bağlı bəyanat yaydı

   Həmsədrlər nazirlərin görüşü ilə bağlı bəyanat yaydı
  22 Aprel 2020    Oxunub:4239
ATƏT-in Minsk qrupunun həmsədrləri nazirlərin görüşü ilə bağlı bəyanat yayıblar.
Azvision.az -ın məlumatına görə, bəyanatda bildirilir ki, Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyan, Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov və ATƏT-in Minsk qrupunun həmsədrləri (İqor Popov - Rusiya Federasiyası, Stefan Viskonti - Fransa və Endryu Şofer - ABŞ) mart ayının ortalarından etibarən uzaqdan tez-tez məsləhətləşmələr aparıblar.

Aprelin 21-də keçirilən ortaq video-konfrans bunlardan biridir. Müzakirələrdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişik də iştirak edib.

Müzakirələr zamanı iştirakçılar qlobal səhiyyə böhranının regiona təsirini və regiondakı son hadisələri müzakirə ediblər. Onlar, həmçinin yanvarın 30-da Cenevrədə verilmiş birgə bəyanata uyğun olaraq, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi ilə bağlı növbəti addımları nəzərdən keçiriblər.

Qeyd olunub ki, nazirlərin üzbəüz görüşləri və Cenevrədəki razılaşmaya uyğun olaraq həmsədrlərin bölgəyə səfərləri təxirə salınıb. Buna baxmayaraq, bu məsələlərin həyata keçirilməsi üçün lazımi işlər davam etdirilir.

Bəyanatda həmsədrlər atəşkəs rejiminə ciddi şəkildə əməl olunmasının və mövcud vəziyyətdə təxribatçı hərəkətlərdən çəkinməyin vacibliyini vurğulayaraq, tərəfləri gərginliyin daha da azaldılması üçün tədbirlər görməyə çağırıblar.

Bundan əlavə, tərəflər ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin hazırkı şəraitdə davam etdirdiyi işlərdən məmnun olduqlarını bildirib, monitorinqlərin mümkün qədər tez bərpa edilməsinin vacibliyini vurğulayıblar.

Qeyd edək ki, bu ilin 21 aprel tarixində Azərbaycan Respublikası və Ermənistan Respublikasının Xarici işlər nazirlərinin ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin iştirakı ilə video-konfrans formatında görüşü baş tutub. Tərəflər arasında müzakirələr bir saat yarımdan çox davam edib.

Azvision.az


Teqlər: XİN   Həmsədrlər  





Xəbər lenti