Vəkil və sərbəst mühasiblərin sosial sığorta yükü optimallaşdırılır

Vəkil və sərbəst mühasiblərin sosial sığorta yükü optimallaşdırılır
  22 Aprel 2020    Oxunub:2430
Vəkil, sərbəst mühasib və auditorların sosial sığorta yükünün optimallaşdırılması gözlənilir.
Azvision.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyinin hazırladığı “Pandemiyadan zərərçəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə (o cümlədən, kiçik və orta sahibkarlığa) vergi güzəştləri və tətilləri mexanizmi”ndə deyilir.

Bildirilir ki, layihədə bu kateqoriya üzrə şəxslərin sosial sığorta yükünün əldə etdikləri gəlirlərdən xərclər çıxılmaqla 10 faizi miqdarında müəyyən olunması nəzərdə tutulur.

Xatırladaq ki, İqtisadiyyat Nazirliyi tərəfindən Vergi Məcəlləsi və “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa zəruri dəyişikliklərlə bağlı təkliflər hazırlanıb. Hökumətdə bir daha baxıldıqdan sonra təkliflər paketinə daxil olan sənəd layihələri Milli Məclisə təqdim edilib. Təkliflər paketində bir sıra vergi güzəştləri və tətillər nəzərdə tutulur.

Təkliflər paketində koronavirus pandemiyasının bilavasitə təsir etdiyi fəaliyyət istiqamətləri üzrə vergiödəyicilərinə 2020-ci il yanvarın 1-dən etibarən bir il müddətinə əmlak və torpaq vergiləri üzrə tam məbləğdə azadolma təklif edilir. Koronavirus pandemiyasının təsirinə məruz qalan fəaliyyət sahələrinin əmlak və torpaq vergisindən azad olunması ilə yanaşı, həmin sahələrdə fəaliyyət göstərən vergiödəyicilərinə seçdikləri vergitutuma metodundan asılı olaraq, bu il yanvarın 1-dən etibarən bir il müddətinə bir sıra vergi güzəştlərinin verilməsi planlaşdırılır.

Bundan başqa, pandemiyanın mənfi təsir etdiyi iqtisadi fəaliyyət sahələri üzrə bir sıra digər güzəştlər də verilə bilər. Bu güzəştlər vergiödəyicilərinin vergi və inzibati yükünün azaldılmasını nəzərdə tutur. Koronavirus pandemiyasının təsirinə məruz qalıb-qalmamasından asılı olmayaraq, bütün mikro sahibkarlar üçün vergi güzəştlərinin verilməsi planlaşdırılır. Bir sıra vergi güzəştləri və azadolmaların bütün sahibkarlıq subyektlərini əhatə etməsi gözlənilir. Məcburi dövlət sosial sığorta haqqı dərəcələri endirilə bilər. Həmçinin sabit qəbz və fərqlənmə nişanı ilə çalışanların sosial sığorta yükü, eləcə də kənd təsərrüfatında çalışanların sosial yükü azaldılacaq.

Azvision.az



Teqlər: Vəkil  





Xəbər lenti