“Lavrovun açıqlaması Ermənistanın diplomatik məğlubiyyətidir” - Politoloq

“Lavrovun açıqlaması Ermənistanın diplomatik məğlubiyyətidir” -  Politoloq
  23 Aprel 2020    Oxunub:3508
“Rusiyanın Qarabağın işğaldan azad olunmasını istədiyini birmənalı şəkildə demək olmaz. Amma bu ölkənin Xarici İşlər naziri Sergey Lavrovun ifadəsi deməyə əsas verir ki, rəsmi Moskvanın Azərbaycana yanaşması müəyyən dərəcədə dəyişib”.
Bunu sabiq diplomat, politoloq Fikrət Sadıqov Rusiyanın XİN rəhbəri Sergey Lavrovun Qarabağ münaqişəsi ilə bağlı açıqlamasını Azvision.az -a şərh edərkən deyib.

Politoloq bildirib ki, Rusiya kifayət qədər reallığa yaxınlaşıb: “Reallıq odur ki, beynəlxalq hüququn norma və prinsiplərinə, Helsinki Yekun Aktına və əvvəllər əldə olunan razılığa uyğun qərar qəbul olunsun. Bu qərar mərhələli həll planıdır. Yəni işğal olunmuş torpaqlar azad olunur, kommunikasiyalar açılır, sonradan Dağlıq Qarabağın statusu ilə bağlı danışıqlar davam etdirilir”.

“Biz dəfələrlə bəyan etmişik ki, münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Lavrovun aydın şəkildə bunları səsləndirməsi müəyyən dərəcədə yeni bir məqamdır. Təbii olaraq Ermənistan buna çox mənfi və qeyri-konstruktiv reaksiya verib. Belə görünür ki, bəyanat Ermənistanı qıcıqlandırıb. Amma digər reallıq odur ki, Madird və Kazan prinsipləri var. Bununla bağlı danışıqlar və görüşlər keçirilib. Yəni mərhələli həll arxa plana çəkilməyib. Hər zaman gündəmdə olub, - deyə F.Sadıqov vurğulayıb.

Politoloqun sözlərinə görə, Ermənistanda xarici işlər naziri Zohrab Mnatsakanyanın bununla əlaqədar səsləndirdiyi bəyanata qarşı çıxanların sayı artır: "Çünki onların bir çoxu hesab edir ki, Lavrovun açıqlaması Ermənistanın xarici siyasətinin məğlubiyyətidir. Bu fonda münaqişənin həlli ilə bağlı Azərbaycanın prinsipial mövqeyi düzgün və dünya tərəfindən qəbul olunan mövqedir”.

Xatırladaq ki, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov aprelin 21-də A.M.Qorçakov adına İctimai Diplomatiyaya Dəstək Fondunun üzvlərinin dəyirmi masasında çıxışı zamanı Dağlıq Qarabağ münaqişəsi barədə danışıb. Problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin vacib olduğunu bildirən Rusiyanın xarici işlər naziri, öncə Qarabağ ətrafındakı rayonların azad edilməsi gərəkdiyini vurğulayıb. Lavrovun sözlərinə görə, yalnız ətraf rayonlar azad ediləndən, nəqliyyat, iqtisadiyyat və digər kommunikasiyalar blokadadan çıxarılandan sonra problemin həllinin ikinci mərhələsinə start vermək olar.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: Qarabağ   Münaqişə   Lavrov   XİN   Ermənistan  





Xəbər lenti