“Torpaqların işğaldan azad olunma yolu döyüşdür” - Polkovnik

 “Torpaqların işğaldan azad olunma yolu döyüşdür” -  Polkovnik
  23 Aprel 2020    Oxunub:24303
“Ermənistan tərəfinin fəaliyyəti göstərir ki, onlar işğal olunmuş torpaqları sülh yolu ilə azad etmək istəmirlər və buna getməyəcəklər”.

Bu fikirləri Azvision.az -a açıqlamasında uğurlu Horadiz əməliyyatının komandiri, ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib.
O bildirib ki, işğalçı Ermənistan sülh yolu ilə ərazilərimizi qaytarmaq istəmədiyini aşkar şəkildə etiraf edir: “Görünür ki, ermənilər heç vaxt işğal olunan torpaqları sülh yolu ilə geri qaytarmayacaqlar. Yəni münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə yanaşmayacaqlar. Azərbaycan da ikinci Ermənistan dövlətinin torpaqlarımızda yaranmasına imkan verməyəcək. Ona görə hansı danışıqlar gedir-getsin, hər kəsə aydındır ki, Azərbaycan müharibə şəraitinin aktiv fazasına keçməli olacaq. Azərbaycan antiterror əməliyyatı apararaq öz torpaqlarını güc yolu ilə işğaldan azad etməyə məcbur qalacaq”.

Ş.Ramaldanov vurğulayıb ki, Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyev bunu bilərək, ordunu qüdrətləndirmək üçün ciddi işlər görür və bu proses davam etdirilir:

“İşğal edilmiş torpaqların azad olunma yolu müharibə, döyüşdür. Sadəcə zaman məsələsi var. Zaman da hər an ola bilər. Məqamı çatanda bu baş verəcək. Aparılan siyasi xətt, geosiyasi arenada artan nüfuz, Dağlıq Qarabağ münaqişəsinə bəzi dövlətlərin münasibətinin yumşalması da bundan xəbər verir. Çünki əvvəllər Azərbaycanın hərb yoluna əl atacağına dair bəyanatlarına sərt münasibət bildirirdilərsə, indi loyal yanaşılır. Bir sözlə, bu məqamı Azərbaycan Prezidenti, cəmiyyəti, əsgəri gözləyir”.

Ş.Ramaldanov, həmçinin qeyd edib ki, münaqişə ilə bağlı böyük dövlətlərin, həll prosesi ilə məşğul olan təşkilatların bəyanatlarında problemin danışıqlar yolu ilə həll olunma istəyi görünmür.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: Qarabağ   Münaqişə  





Xəbər lenti