İtaliya KİV-i Azərbaycanın koronavirusa qarşı mübarizəsindən yazır

İtaliya KİV-i Azərbaycanın koronavirusa qarşı mübarizəsindən yazır
  23 Aprel 2020    Oxunub:2545
İtaliyanın “Scenari Internazionali” onlayn jurnalında Azərbaycanın bu ölkədəki səfiri Məmməd Əhmədzadə ilə “İtaliya ilə həmrəyik, böhrandan sonra strateji tərəfdaşlığımızı gücləndirəcəyik” sərlövhəli geniş müsahibə dərc olunub.
Azvision.az xəbər verir ki, müsahibənin əvvəlində jurnalın redaksiya heyəti nəşrin müxtəlif ölkələrin COVID-19 pandemiyasına qarşı mübarizədə təcrübəsinin İtaliya ictimaiyyətinə təqdim edilməsinə başladığını bildirib. Qeyd edilib ki, bu xüsusda, ilk olaraq Çinin İtaliyadakı səfiri ilə müsahibə dərc olunub. Vurğulanıb ki, Avropa ilə müqayisədə virusun daha az yayıldığı Azərbaycanda pandemiyaya qarşı mübarizə və iqtisadi sabitliyin təmin edilməsi üçün atılan addımların maraqlı olduğunu nəzərə alaraq, redaksiya ikinci müsahibəni Azərbaycanın İtaliyadakı səfirindən almaq qərarına gəlib.

Müsahibədə səfir Məmməd Əhmədzadə Azərbaycanda COVID-19-un yayılmasının qarşısının alınması istiqamətində hökumət tərəfindən görülən tədbirlər, tətbiq edilən xüsusi karantin rejimi, mövcud olan müasir səhiyyə infrastrukturu, yenicə istifadəyə verilmiş tibb mərkəzləri, bu sahədə həyata keçirilən beynəlxalq əməkdaşlıq barədə məlumat verib. Diplomat hazırkı şəraitdə Azərbaycanda iqtisadi sabitliyin qorunması, iqtisadi inkişafın təmin olunması, məşğulluq məsələlərinin və sahibkarlıq subyektlərinin dəstəklənməsi üçün hökumət tərəfindən atılan addımlar barədə danışıb.

Mövcud şəraitdə səfirliyin fəaliyyəti barədə də məlumat verən diplomat İtaliyadakı vətəndaşlarımızla təmasların daha operativ şəkildə təmin olunması üçün yaradılmış “qaynar xətt”, eləcə də onların Azərbaycana təxliyəsinin təşkili istiqamətində aparılan işlərdən bəhs edib.

Azərbaycan-İtaliya strateji tərəfdaşlığından danışan M.Əhmədzadə fevral ayında Prezident İlham Əliyevin İtaliyaya tarixi dövlət səfərinin, səfər vaxtı aparılmış müzakirələrin, keçirilmiş tədbirlərin, imzalanmış çoxsaylı sənədlərin, xüsusilə də “Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə”nin iki ölkə arasında münasibətləri ən yüksək səviyyəyə çatdırdığını, eləcə də münasibətlərdə yeni əməkdaşlıq sahələri üzrə daha geniş perspektivlər açdığını bildirib. Diplomat bu güclü bünövrəyə əsaslanaraq post-pandemiya dövründə strateji tərəfdaşlığın daha da gücləndiriləcəyinə tam inamını ifadə edib.

Bu mürəkkəb dövrdə Azərbaycan xalqının dost İtaliya xalqı ilə həmrəylik və yaxınlıq nümayiş etdirdiyini deyən səfir bu xüsusda ölkəmizdə həyata keçirilən tədbirlər, o cümlədən Bakı Media Mərkəzinin hazırladığı dəstək videoçarxı və Heydər Əliyev Mərkəzinin binası üzərində İtaliya bayrağının videoproyeksiyası barədə danışıb, bu tədbirlərin İtaliya ictimaiyyəti tərəfindən yüksək qiymətləndirildiyini, mətbuatın və sosial şəbəkələrin böyük diqqətində olduğunu bildirib.

Müsahibə ilə BURADAN tanış olmaq mümkündür.

Azvision.az


Teqlər: İtaliya  





Xəbər lenti