Milli Qəhrəmanların valideynləri Prezidentə təşəkkür etdilər

Milli Qəhrəmanların valideynləri Prezidentə təşəkkür etdilər
  28 Aprel 2020    Oxunub:4171
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədə koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması, əhalinin sağlamlığının qorunması ilə bağlı gördüyü işlər xalq tərəfindən yüksək qiymətləndirilir.
Azvision.az xəbər verir ki, bununla əlaqədar dövlət başçısına minnətdarlıq məktubları gəlməkdə davam edir. Prezidentə təşəkkür edənlər arasında Milli Qəhrəmanların valideynləri də var

Samux rayonundan Azərbaycanın Milli Qəhrəman Eltun İsgəndərovun valideynləri Xaləddin İsgəndərov və Münəvvər İsgəndərova təşəkkür məktubunda yazıblar:

"Möhtərəm cənab Prezident, xalqımızın və bütün dünyanın ağır sınaqdan keçdiyi bir dövrdə göstərdiyiniz vətənpərvərlik mövqeyinə görə Sizə dərin minnətdarlığımı bildirirəm. Hətta dünyanın ən güclü dövlətlərinin belə tədbir görməkdə gecikdiyi zamanda Sizin göstərdiyiniz qayğı və diqqət bizim bu sınaqdan da üzüağ çıxmağımızın göstəricisi və qarantıdır. Siz insanlara çox kömək edirsiniz. Bunu hamı bilir. Allah Sizdən razı olsun. Koronavirusla əlaqədar xalqa müraciətiniz bir daha göstərdi ki, Siz xalqın yanındasınız, onlara kömək göstərirsiniz. Sizin müraciətiniz bu həssas məqamda insanlara ruh yüksəkliyi verdi. İnsanların təşvişə düşməmələri üçün bu müraciət çox vacib idi və Siz bunu etdiniz. Biz bir daha əmin olduq ki, ən çətin məqamda belə güvənə biləcəyimiz Prezidentimiz var. Ulu Tanrı Sizi qorusun. Nə yaxşı ki, varsınız".

Milli Qəhrəman Həmid Şükürovun atası Nəriman Həmidov: "Hörmətli cənab Prezident, Siz polad biləkli, geniş ürəkli, uzaqgörən bir sərkərdəsiniz. Bunu Sizin yüksək siyasi bacarığınız, həyata keçirdiyiniz qabaqlayıcı tədbirlər sübut edir. Məhz bu tədbirlər xalqımızı acı nəticələrdən qorudu. Sərhədlərin vaxtında bağlanması, lazımi tibbi avadanlıqların ölkəyə gətirilməsi, yeni açılan xəstəxananın xəstələrin istifadəsinə verilməsi az itki ilə vəziyyətdən çıxmağımıza xidmət etdi. Xaricdə olan vətəndaşlarımızın ölkəyə gətirilməsi, tənha və aztəminatlı insanlara ayrılan diqqət Sizin hər bir azərbaycanlının Prezidenti olmağınızı sübut edir. Çıxışlarınızı izləyirəm. Xalqımız Sizin və Mehriban xanımın açdığı yolla irəlilədikcə xalqla dövlət arasında birlik də möhkəmlənir. 2018-ci ildə dekabrın 24-də Sizinlə görüş zamanı sadə, mehriban, qayğıkeş münasibətinizi xatırlayıram. Bu qayğını indi də çıxışlarınızda, çağırışlarınızda hiss edirik. Cənab Prezident, Sizə və Mehriban xanıma uzun ömür, cansağlığı, işlərinizdə yüksək zirvələr arzulayıram. Ulu Tanrı Sizi qorusun".

Azvision.az


Teqlər: İlham-Əliyev   Prezident  





Xəbər lenti