Nazirlik onlayn mətbuat konfransı keçirdi

Nazirlik onlayn mətbuat konfransı keçirdi
  01 May 2020    Oxunub:3083
İndiki pandemiya şəraitində vətəndaşların ədliyyə orqanlarına və məhkəmələrə əlçatanlığının asanlaşdırılması məqsədilə Ədliyyə Nazirliyi tərəfindən müasir innovasiyaların tətbiqinin genişləndirilməsi üzrə ardıcıl tədbirlər görülür.
Azvision.az xəbər verir ki, bu ərəfədə əhaliyə yeni elektron və mobil xidmətlər təqdim olunaraq məhkəmə qərarlarının icrası ilə əlaqədar Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə əməkdaşlıqda borcun və digər ödənişlərin onlayn qaydada həyata keçirilməsi imkanı yaradılıb. Həmçinin mobil notariatın imkanları genişləndirilərək vətəndaşlara yeni – nəqliyyat vasitələrinə sərəncam verilməsinə dair etibarnamələrin elektron qaydada təsdiq edilməsi xidməti istifadəyə verilib, “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəmə proseslərinin videokonfrans şəkildə keçirilməsi məqsədilə xüsusi proqram modulu hazırlanaraq tətbiqinə başlanılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və qərarlarına uyğun olaraq Ədliyyə Nazirliyində aprelin 30-da "Pandemiya dövründə ədliyyəyə əlçatanlıq" mövzusunda videoəlaqə vasitəsilə onlayn mətbuat konfransı keçirilib, ədliyyə və məhkəmə fəaliyyətinə əlçatanlığın genişləndirilməsinə yönələn bu innovasiyalar ictimaiyyətə təqdim olunub.

Tədbirdə nazirliyin aidiyyəti struktur və yerli qurumlarının rəhbər və məsul işçiləri, Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının prezidenti, Azərbaycan Mətbuat Şurasının, vətəndaş cəmiyyəti institutlarının və çoxsaylı KİV-lərin təmsilçiləri iştirak ediblər.

Mətbuat konfransında pandemiya dövründə nazirlik tərəfindən görülən tədbirlər, xüsusi rejim şəraitində ədliyyə orqanlarının fəaliyyətinin təşkili və innovasiyaların tətbiqi barədə çıxışlar olub, faydalı diskussiyalar aparılıb.

Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı görülən qəti tədbirlər çərçivəsində ədliyyə orqanlarında və məhkəmələrdə pandemiyaya qarşı zəruri profilaktik və qabaqlayıcı tədbirlər görülüb, bu məqsədlə nazirlik üzrə xüsusi əmr imzalanıb. Həmçinin ədliyyə işçiləri və hakimlər dövlət başçısının və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın çağırışlarına qoşularaq sosial həmrəylik nümayiş etdirib, Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianələr, xüsusi qayğıya ehtiyacı olan ahıl və tənha vətəndaşlara müvafiq yardımlar olunub.

Məhkumların həyat və sağlamlıqlarının qorunması məqsədilə penitensiar müəssisələrin gücləndirilmiş iş rejimində fəaliyyəti, virusa yoluxması daha riskli olan yaşı 65-dən yuxarı məhkumlara həssas və humanist münasibət bəslənilərək dövlət başçısının əfv Sərəncamı ilə 176 nəfərin azadlığa buraxıldığı, həmçinin davamlı xarakter alan cəzadan şərti olaraq vaxtından əvvəl azadetmə institutunun tətbiqinin intensivləşdiyi qeyd edilib.

Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə işsiz və xüsusi karantin rejiminə görə işini itirən aztəminatlı şəxslərə birdəfəlik ödəmələrin verilməsi üçün çoxsaylı fərdi məlumatlar təhlil edilərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunduğu vurğulanıb.

Qeyd olunub ki, ədliyyə xidmətlərinə əlçatanlığın asanlaşdırılması məqsədilə innovasiyaların tətbiqi genişləndirilib, nazirliyin rəsmi saytının “Vətəndaşlar üçün əlaqə” və “İnteraktiv əlaqə” bölmələrinin funksionallığı artırılaraq elektron qaydada müraciət etmək imkanları artırılıb, əhaliyə vətəndaşlara məsafədən xidmətlərin göstərilməsi genişləndirilib.

Mətbuat konfransında nazirlik tərəfindən yeni istifadəyə verilən innovasiyalar barədə məlumatlar təqdim olunaraq borcun, o cümlədən aliment, kredit, cərimə və digər ödənişlərin “ASAN ödəniş”, “Elektron hökumət” portalları və müxtəlif mobil tətbiq vasitəsilə nağdsız və ya müvafiq terminallar vasitəsilə nağd şəkildə həyata keçirilməsi, “Mobil notariat” tətbiqi üzərindən nəqliyyat vasitələrinə sərəncam verilməsinə dair etibarnamələrin elektron qaydada təsdiq edilməsi, həmçinin xüsusi proqram modulu vasitəsilə məhkəmə proseslərinin videokonfrans şəkildə keçirilməsinin təşkili vurğulanıb.

Tədbirdə vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri tərəfindən mövzu ilə bağlı çıxışlar olub, iştirakçılar arasında fikir mübadiləsi aparılıb, sual-cavab sessiyası keçirilərək jurnalistləri maraqlandıran suallar ətraflı cavablandırılıb.

Azvision.az


Teqlər: Ədliyyə-Nazirliyi  





Xəbər lenti