Baş infeksionist: “Virus öz-özünə çəkilib gedən deyil”

  06 May 2020    Oxunub : 14027
 Baş infeksionist: “Virus öz-özünə çəkilib gedən deyil”
Karantin rejiminin yumşaldılması bəzi insanlarda fikir formalaşdırdı ki, guya Azərbaycanda artıq xəstəlik yoxdur və qaydaları gözləmək, maska taxmaq, sosial məsafəni qorumaq lazım deyil.
Bunu Azvision.az -a açıqlamasında Azərbaycanın baş infeksionisti Cəlal İsayev deyib. O bildirib ki, küçələrdə maskasız gəzənlərin, ictimai nəqliyyatdan maskasız istifadə edənlərin sayı çoxalıb.

“Bu da xəstəliyin sayının artmasına səbəb olur. İnsanlar verilən tövsiyələrə əməl etməsələr təbii ki, xəstəlik artacaq. Yumşaldılma bizə əsas vermir ki, tövsiyələrdən imtina edək və onlara əməl etməyək. Tövsiyələrə əməl etməsən, həm özün virusa yoluxacaqsan, həm də ətrafdakıları yoluxduracaqsan. Yoluxma hallarının çoxalması bizi yenidən karantin qaydalarının sərtləşdirilməsinə məcbur edə bilər. Bunu isə heç kim istəmir. Qarşıdan yay fəsli gəlir, havalar isinir”.

C.İsayev bildirib ki, əgər yayda istirahət etmək, çimərliyə getmək istəyiriksə, o zaman qaydalara ciddi şəkildə əməl edilməlidir.

“Biz qaydalara əməl etsək, karantin rejimindən tam çıxa bilərik. Virus öz-özünə çəkilib gedən deyil. Epidemiya başlayıb, bunun davamı bir müddət çəkə bilər və istirahətimizə, maddi durumumuza, dövlətin iqtisadi vəziyyətinə mane ola bilər. Biz sərt karantin dövründə yaxşı nəticələr əldə etmişdik. Amma son dövrlər meydana çıxan rəqəmlər bizi narahat edir və yayılma ehtimalının olmasını göstərir”.

Aytən Zəhra
Azvision.az

Teqlər: Koronavirus   Cəlal-İsayev