“Azərbaycan həkimləri qəhrəmanlıq nümayiş etdirirlər” - Elsevər Ağayev

 “Azərbaycan həkimləri qəhrəmanlıq nümayiş etdirirlər” -    Elsevər Ağayev
  07 May 2020    Oxunub:3540
Azərbaycan səhiyyəsində uzun illər boyu əldə edilmiş nailiyyətlər artıq bu gün öz bəhrəsini verir. Bu müddət ərzində Səhiyyə Nazirliyi tərəfindən güclü peşəkar kadrlar yetişdirilib və yaranmış böhran vəziyyətdə tibbi personal peşəkarlığı ilə birgə öz qəhrəmanlıq və fədakarlığını da nümayiş etdirib. Qoşulmama Hərəkatının Zirvə görüşündə Prezident İlham Əliyev qeyd etdi ki, bizim həkimlər daim öz təcrübələrini paylaşaraq, digər ölkələrə də dəstək verməyə hazırdırlar.
Bu sözləri Səhiyyə nazirinin müavini Elsevər Ağayev Real TV-yə müsahibəsi zamanı bildirib.

Nazir müavini bütün dünyada və Azərbaycanda COVID-19 pandemiyası ilə bağlı vəziyyət, görülən tədbirlər və tibb işçilərinin fədakarlığına da toxunub.

Karantindən çıxış dövrü haqqında danışan E.Ağayev diqqətə çatdırıb ki, Operativ Qərargah tərəfindən elan olunmuş karantindən mərhələli çıxışın düzgün idarə olunması üçün Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən koronavirusla bağlı həftəlik statistik məlumatlar Operativ Qərargaha təqdim edilir və bu statistikadan istifadə edilir.

Eyni zamanda, nazir müavini İSİM-in karantin dövründə maarifləndirici rolunu xüsusi vurğulayıb. O deyib: “COVID–19 pandemiyası ilə bağlı məlumatı təqdim edən dəqiq və operativ portalın (koronovirusinfo.az) qarşısında qoyulmuş məqsədlərə çatması məhz peşəkar mütəxəssislərin əməyinin nəticəsidir. Eyni zamanda Səhiyyə Nazirliyini təmsil edən baş epidemioloq, baş virusoloq və digər baş mütəxəssislər də mütəmadi olaraq müxtəlif televiziya kanallarında çıxış edir və ekspert kimi fikirlərini paylaşırlar.

“Maraqlı və qürurduyucu bir məqama da toxunmaq istəyirəm. Məsələn, son günlər mətbuatda elə bir xəbər yayıldı ki, digər ölkələrin bir sıra xəstəxanalarında çalışan həkimlər COVID-19 təhlükəsi qarşısında işdən imtina ediblər. Lakin Azərbaycan həkimləri vətənpərvərlik və həmrəylik kimi dəyərləri üstün tutaraq, xalqımızın sağlamlığı üçün koronavirusa qarşı mübarizədə hər gün sözün əsl mənasında qəhrəmanlıq və fədakarlıq nümayiş etdirirlər”, - deyə Elsevər Ağayev söyləyib.

Sonda nazir müavini karantin rejimindən mərhələli çıxış mövzusuna bir daha toxunaraq qeyd edib ki, hazırda hamı xüsusi karantin rejimindən çıxış dövrünü yaşayırıq: “Bu çıxış mərhələli şəkildə həyata keçiriləcək. Burada hər bir vətəndaşın sosial məsuliyyəti tövsiyə və qaydalara maksimal dərəcədə riayət etməkdən ibarətdir”.

Azvision.az


Teqlər: ElsevərAğayev  





Xəbər lenti